“Kartof bahalaşacaq” – AÇIQLAMAbackend

“Kartof bahalaşacaq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Iranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır. Qonşu dövlətin ərzaqlıq kartof məhsulları ilə bağlı əsas idxalçılardan olduğunu nəzərə alsaq, problemin daxili bazarda kartof qıtlığı yarada biləcəyi və bunun qiymət artımına gətirib çıxaracağı barədə düşünmək olarmı?

NOCOMMENT.az xəbər verir ki,İqtisad elmləri doktoru, professor Elşad Məmmədov konkret.az-a bununla bağlı açıqlamasında bildirib ki, İran şirkətlərinə Azərbaycana kartof gətirilməsi ilə bağlı qoyulan müvəqqəti qadağa kompensasiya mexanizmlərini özündə ehtiva edir: “Həmçinin, alternativ kanallar mövcuddur ki, onlar hesabına ölkədə kartof qıtlığı yaranmasın. Bir tərəfdən, bura yerli istehsalı, digər tərəfdən isə alternativ idxalı aid etmək olar. Çünki bu tip qərarların qəbul edilməsində sözsüz ki, sistemli yanaşmalar olmalıdır”.

Ekspert hesab edir ki, bu qadağa qoyulmasa belə, qış aylarına doğru qiymətlərin artmasının şahidi ola bilərik. “Bu, bir sıra amillərlə bağlıdır. O baxımdan yerli məhsulların da qiymətlərində artım gözləmək olar. Çünki həm gübrə təsərrüfatı ilə bağlı olan problemləri bura aid etmək, həm də inflyasiya meyllərinin artmasını nəzərdən keçirmək lazımdır. Yəni onsuz da qiymətlərdə artım gözləniləndir”, – deyə alim vurğulayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov da məsələ ilə bağlı fikirlərini bölüşüb: “Nəzərə alaq ki, ölkəmizdə kartof yığımı o qədər də əvvəldən başlamayıb, yəni öz ehtiyatımız hazırda kifayət qədərdir. Eyni zamanda, müxtəlif istiqamətlərdən də ölkəyə kartof idxalı davam edir. Odur ki, İran tərəfdən hər hansı məhdudiyyətin qıtlıq yarada biləcəyini düşünmürəm. Çünki bir istiqamətdən məhdudiyyətin olması digər istiqaməti aktivləşdirəcək”.

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, İrandan Azərbaycana kartof ixracı ilə məşğul olan şirkətlərə qarşı hər hansı bir qadağa ölkəmizdə sözügedən məhsul növü üzrə istehlak bazarında mənfi təsir yarada bilməz: “Buna sübut olaraq deyə bilərəm ki, İrandan Azərbaycana ixrac edilən kartof məhsullarına dəfələrlə müvafiq qadağalar tətbiq edilib. Bu hal digər məhsullar üzrə də özünü göstərib, lakin nəticə etibarilə bazarda heç bir problem ortaya çıxmayıb”.

P.Heydərov əlavə edib ki, Azərbaycanda da kartof istehsalı kifayət qədərdir. “Düzdür, daxili tələbatı ödəməyə imkan vermir, ona görə də bu məhsulun idxalı ilə də məşğuluq. Bununla yanaşı, bu sahədə, real olaraq bazarda heç bir təhlükə mövcud deyil və belə bir təhlükənin ortaya çıxacağına da heç bir əsas yoxdur”, – deyə ekspert vurğulayıb.