Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhoozi Kainerugaba sosial mediadakı növbəti paylaşımları ilə diplomatik skandala imza atıb. Daha əvvəl Türkiyənin “ən gözəl qadınını” həyat yoldaşı kimi istədiyini deyərək kəskin tənqid olunan komandir, bu dəfə “beş türk qadını ilə evləndiyini” iddia edərək gərginliyi daha da artırıb.
NOCOMMENT.az xəbər verir ki, Kainerugabanın iddiaları bununla bitməyib. O, Türkiyəyə qarşı birbaşa təhdid dolu ifadələr işlədərək, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə “müharibənin mümkün olduğunu” bəyan edib. Komandirin rəsmi Ankaradan Uqanda hökumətinə müxalif olan və hazırda Türkiyədə yaşadığı bildirilən Fred Kajubi Lumbuyeni təhvil verməsini tələb etdiyi vurğulanır.
Qalmaqallı hərbçi hətta Türkiyədən 1 milyard dollar tələb etdiyini və əks halda sərt diplomatik addımlar atacağını qeyd edib. Baş verənlərdən sonra Uqanda Xarici İşlər Nazirliyi vəziyyəti yumşaltmaq üçün Türkiyənin Kampaladakı səfiri Mehmet Fatih Ak ilə təcili görüş keçirmək məcburiyyətində qalıb.
Sara,
NOCOMMENT.az









