Körpələri nevroloji xəstəliklərdən necə qoruyaq? – AÇIQLAMAbackend

Körpələri nevroloji xəstəliklərdən necə qoruyaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova doğumdan sonra körpələrdə rast gəlinən nevroloji xəstəliklərin səbəbləri barədə məlumat verib. O qeyd edib ki, bunlar kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. amillərdir.

L.Rəhimova bildirib ki, mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər. Uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozlar aiddir. 

NOCOMMENT.az xəbər verir ki, nevroloji xəstəliklərdən körpələri qorumaq üçün diqqət edilməsi vacib məqamları isə pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında sadalayıb. Onun sözlərinə görə doğuşdan sonra yaranan nevroloji xəstəliklər müxtəlif ola bilər.

“Bunlar irsi, genetik və hamiləlik dövründə infeksiya səbəbilə yaranan nevroloji xəstəliklərdir. Ailədə, nəsildə hər hansı nevroloji xəstəlik varsa, bu, hamiləlik zamanı uşağa ötürülə bilər. Genetik xəstəliklərsə böyüklərdə olmaya, amma uşaqda müşahidə edilə bilər. Genetik sindromların bir əlaməti də nevroloji problem şəklində özünü göstərir. Məsələn, fenilketonuriya xəstəliyi – bu, uşağın fiziki və psixoloji olaraq inkişafdan geri qalmasına səbəb olur, onu əqli inkişafdan saxlayır.

Ola bilər ki, hamiləlik dövründə qadın hər hansı bir infeksion xəstəlik keçirib, məsələn, sitomeqalovirus, toksoplazma, herpes – bu kimi infeksiyalar ana bətninə keçərsə, uşaq da bu viruslarla doğula bilər. Bu xəstəliklər də özünü nevroloji simptomplarla göstərir”.

Q.İsmayılov deyib ki, valideyn olmağa hazırlaşan cütlüklərin sağlam həyat tərzi yaşaması gələcək körpəni bir çox xəstəlikdən qoruyur.

“Körpələri sadalanan xəstəliklərdən qorumaq üçün hamiləlik düzgün keçməlidir. Ailə quran qadın və kişi sağlam olmalıdır. Zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq lazımdır. Normal yuxu rejimi vacibdir. Hamiləlik zamanı qadın öz sağlamlığına diqqət etməlidir ki, doğulacaq körpədə nevroloji pozuntular və buna səbəb olan xəstəliklərə rast gəlinməsin”.