Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Prezident Vladimir Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün Kremllə təmasları bərpa etməsini xahiş edib.
Maraqlıdır, Rusiya tərəfi diplomatik həll variantını irəli sürərkən hansı güzəştlərə getməyə hazır ola bilər?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Trampın Alyaska görüşündən sonra Vladimir Putinlə növbəti görüşü təxirə salması Moskva üçün ciddi narahatlıq yaradıb:
“Tramp Putinlə görüşün nəticəsiz olacağını bəyan etməklə, əslində Rusiyanın avantürist və işğalçı siyasətinin uğursuzluğunu göstərdi. Bu, Rusiyanın planlarını pozdu və Kreml üçün diskomfort vəziyyəti yaratdı”.
Ekspertin sözlərinə görə, Moskva ABŞ-la dialoqu davam etdirməklə həm öz işğal siyasətini legitimləşdirmək, həm də Ukraynada hədəflərinə çatmaq istəyir:
“Rusiya ciddi cəhdlə Vaşinqtonla təmasları bərpa etməyə çalışır. Tramp isə Putinlə görüşdən qaçmasa da, nəticəsiz dialoq istəmir.
Digər tərəfdən, Trampın Çin lideri ilə Cənubi Koreyada keçirdiyi görüş müsbət atmosferdə baş tutdu. Bu da ABŞ-Çin münasibətlərinin normallaşması istiqamətində pozitiv siqnaldır. Bu proses isə Rusiyanın maraqlarına uyğun deyil”.
Oqtay Qasımov hesab edir ki, Moskva hazırda Ukraynada Pokrovsk və ətraf əraziləri işğal etməklə müəyyən taktiki üstünlük əldə edib və bu vəziyyətdən danışıqlara başlamaq üçün istifadə edə bilər:
“Əgər Rusiya Pokrovsk üzərində nəzarəti tam ələ keçirsə, Kreml Donetsk vilayətindəki hədəflərinə çatdığını bəyan edə bilər. Bu halda danışıqlar masasına oturmaq həm Trampı, həm də Moskvanı qane edir. Yəni, bu ssenari Rusiyanın güzəştə getdiyi, eyni zamanda müəyyən taktiki məqsədlərinə nail olduğu bir variant ola bilər”.
Ekspertin fikrincə, ABŞ Çini Rusiyaya təzyiq göstərməyə inandıra bilsə, bu, Kremlin mövqeyini xeyli zəiflədər və müharibənin dayandırılması üçün real şans yarada bilər.
Aynurə İsmayıl













