Yalovada ötən il evinin pəncərəsindən yıxılaraq həyatını itirən sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Yalova Baş Prokurorluğunun hazırladığı ittiham aktında onun qızı Tuğyan Ülkem Gülter barəsində “qəsdən, əvvəlcədən planlaşdıraraq üst soya qarşı adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.
İttiham aktında şahid ifadələri, mesaj yazışmaları, səs ekspertizası, rəqəmsal sübutlar və ekspert rəylərinə yer verilib. Prokurorluq hesab edir ki, hadisə qəza deyil, əvvəlcədən planlaşdırılmış cinayət olub. Bununla belə, ittihamlar məhkəmə tərəfindən araşdırılacaq və yekun qərarı məhkəmə verəcək.
İstintaq materiallarına görə, hadisə 26 sentyabr 2025-ci il tarixində gecə saatlarında Çınarcıqda baş verib. Gül Tut qızına məxsus otağın pəncərəsindən təxminən 18 metr hündürlükdən yıxılıb və aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, ölümün kəllə, onurğa və daxili orqan zədələnmələri nəticəsində yaranan daxili qanaxmadan baş verdiyi bildirilib. Toksikoloji müayinədə isə mərhumun qanında yüksək miqdarda spirt aşkar edildiyi, lakin zəhərlənmə əlamətlərinin olmadığı qeyd olunub.
İttiham aktında hadisə gecəsi ilə bağlı bəzi detallara da yer verilib. Prokurorluğun iddiasına görə, Tuğyan Ülkem Gülter anasının sevdiyi “Malkata” mahnısını açaraq onu otağa çağırıb. Daha sonra aparılan səs ekspertizasında yıxılmadan əvvəl qadın səsinə bənzər bir səsin “Hadi görüşürük” ifadəsini dediyi bildirilib.
Prokurorluq bu səsin Tuğyan Ülkem Gülterə aid olduğunu ehtimal edib və onun anasını pəncərədən aşağı atdığını iddia edib.
İş üzrə əsas şahidlərdən biri olan Sultan Nur Ulunun ilkin ifadəsində hadisəni qəza kimi qiymətləndirdiyi, daha sonra isə ifadəsini dəyişərək Gül Tutun Tuğyan tərəfindən itələndiyini iddia etdiyi bildirilib. İttiham aktında həmçinin Tuğyan Ülkem Gülterin hadisədən əvvəl anası ilə bağlı göndərdiyi iddia olunan bəzi mesajlara və şahid ifadələrinə yer verilib. Prokurorluq bu materialları cinayətin əvvəlcədən planlaşdırıldığını göstərən sübutlar kimi təqdim edib.
Bundan əlavə, hadisədən sonra mesajların silinməsi, şahidə təsir göstərilməsi və xaricə çıxış imkanlarının müzakirə edilməsi ilə bağlı da iddialar irəli sürülüb.
İttiham aktına əsasən, prokurorluq bütün sübutları birlikdə qiymətləndirərək Tuğyan Ülkem Gülterin anasını planlaşdıraraq öldürdüyü qənaətinə gəlib və onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.
Məhkəmə prosesində təqdim ediləcək sübutlar və tərəflərin çıxışlarından sonra iş üzrə yekun qərar qəbul ediləcək.//Demokrat.az












