Türkiyənin Kırklareli vilayətinin Vize rayonunda dəhşətli qətl hadisəsi baş verib.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qurban bayramı münasibətilə ailəsini ziyarət etməyə gələn 52 yaşlı yazıçı Aytən Öztürk qardaşı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisə Vize rayonunun Küçükyayla kəndində qeydə alınıb. Məlumata görə, Aytən Öztürk anası və xalası ilə birlikdə evin bağçasında olarkən qardaşı oğlu B.S. ilə arasında miras ilə bağlı mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib və B.S. yazıçıya bıçaqla hücum edib.
Ağır yaralanan Aytən Öztürk hadisə yerində həyatını itirib. Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Qətldən sonra hadisə yerindən qaçan şübhəli kənd yaxınlığındakı meşəlik ərazidə jandarma tərəfindən saxlanılıb.
Yazıçının meyiti ekspertiza üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Faktla bağlı araşdırma davam edir.
Sara
NOCOMMENT.az















