Leninin vəfatından onilliklər keçməsinə baxmayaraq, onun Azərbaycana vurduğu geosiyasi və mənəvi zərbələrin fəsadları hələ də müzakirə mövzusudur. Xüsusilə XX əsrin əvvəllərində bolşevik ideologiyası adı altında həyata keçirilən işğal siyasəti, Azərbaycanın milli dövlətçilik ənənələrinə və ərazi bütövlüyünə sağalmaz yaralar vurub.
Bu gün Azərbaycan hələ də Leninin geosiyasi cinayətlərinin, o cümlədən süni şəkildə yaradılmış ərazi münaqişələrinin və strateji resurslar üzərində qurulmuş asılılıq mexanizmlərinin nəticələrini aradan qaldırmaqla məşğuldur. Leninin şəxsiyyəti və rəhbərlik etdiyi dövr başdan-ayağa ziddiyyətlərlə dolu olsa da, onun Azərbaycan xalqının taleyində oynadığı mənfi rol tarixçilər və analitiklər tərəfindən birmənalı qiymətləndirilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli qeyd edib ki, Leninin Azərbaycan üçün qoyub getdiyi miras yalnız maddi dağıntılardan ibarət deyil, həm də uzunmüddətli mənəvi terrorun izlərini daşıyır: “1917-ci ilin almanlarla separat məğlubiyyət sazişi də, daha şimaldan içərisinə minib Petroqrada gəldiyi qatarın funksiyası da hələ tam açıqlanmayıb. Eynən Mavzoleyin divarları arasında 102 ildir dəfnini gözləyən sümükləri kimi, onun dövrünün heç nəyi maddi olaraq qalmayıb, ancaq mənəvi terrorun izi yaşamaqdadır. Lenin Azərbaycandan Ukrayna, Atatürkdən isə kommunist düzəltmək xülyası ilə çıxış edirdi”.
Onun sözlərinə görə, 1920-ci ilin aprel işğalı bu mənfi mirasın ən pik nöqtəsi hesab olunmalıdır: “Leninin Azərbaycan xalqına vurduğu ən böyük zərbə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi oldu. O, 11-ci Qırmızı Orduya aprelin 27-də sərhədi keçmək və Bakını zəbt etmək əmrini şəxsən vermişdi. Suveren dövlətin xarici ordu tərəfindən işğalı sovet tarixşünaslığında onilliklər boyu ‘sosialist inqilabı’ kimi təqdim olunsa da, bu, əslində Xəzər neftinə çıxış əldə etmək üçün həyata keçirilən qanlı bir ssenari idi”.
Məsələnin geosiyasi tərəfini şərh edən ekspert bildirib ki, Leninin apardığı siyasət ideoloji şüarlar pərdəsi altında Moskvanın strateji maraqlarını qorumağa yönəlmişdi: “Azərbaycanın XX əsr tarixi Rusiya imperiyasının süqutu və bolşeviklərin hakimiyyətə gəlməsi ilə müşayiət olunan qlobal sarsıntılarla sıx bağlıdır. Azərbaycan xalqı üçün bu dövr milli həyatın bütün sahələrində dərin struktur deformasiyaları ilə yadda qalıb”. Onun sözlərinə görə, bu gün qarşılaşdığımız bir çox regional problemlərin kökü məhz həmin dövrdə atılmış yanlış və qərəzli addımlara söykənir: “Lenin hökuməti üçün müstəqil Azərbaycan Qafqazda hegemonluq qurmaq yolunda maneə idi. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün də həmin geosiyasi cinayətlərin ağır mirasını təmizləmək məcburiyyətindədir. Leninin ziddiyyətli fiquru və onun Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar tariximizin ən qara səhifələrindən biri olaraq qalır”.
Tunar,
NOCOMMENT.az










