Liliputlara pensiya təyin edilmə qaydası DƏYİŞİRbackend

Liliputlara pensiya təyin edilmə qaydası DƏYİŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin əmək pensiyası hüququ dəyişir.

NOCOMMENT.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Qüvvədə olan qanuna əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar – kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Bildirilib ki, 2026-cı ilədək kişi və qadınların bərabər yaşda pensiya təminatının yaranacağı nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdə hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy olan kişi və qadınlara da bərabər yaşda pensiya hüququnun müəyyən edilməsini zəruri edir. Eyni zamanda, bu maddə üzrə də güzəştin digər maddələr üzrə güzəştlərlə unifikasiyası məqsədilə kişi və qadınlar üzrə yaş həddinin Qanunun 7-ci maddəsinə əsasən müəyyən edilən yaşdan 20 il azaldılmaqla təyin edilməsi irəli sürülür.

Qeyd edək ki, qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.