Makron Nikolla birgə Əliyevin yanına niyə gəldi?backend

Makron Nikolla birgə Əliyevin yanına niyə gəldi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin başa çatmasından sonra gecə saatlarında Makronun iştirakı ilə Azərbaycan lideri Əliyevlə Ermənistan Baş naziri Paşinyanın daha bir görüşü niyə olmalı idi?

Dekabrın 14-də Aİ Şurası Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli, bunun ardınca isə təkbətək görüş keçirilmişdi. Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində görüşün 5 saata yaxın davam etdiyini bildirmişdi.

Dil və tərcümə problemi olmadığını nəzərə alsaq, bu, kifayət qədər ciddi vaxtdır və bu saatlar ərzində əhəmiyyətli məsələlərin müzakirə olunduğu şübhəsizdir. Azərbaycan liderinin bu görüşü “konstruktiv və pozitiv” adlandırması, Şərq Tərəfdaşlığı ölkələrinin birbaşa kontaktları alqışlaması da normal müzakirələr getdiyi və nəticələr əldə olunduğunu düşünməyə əsas verir.

Bəs niyə bir gündən sonra növbəti, “qeyri-formal” görüş keçirilməlidir?

Bu görüş barədə yalnız bir informasiya var: Fransa Prezidenti Makronun təşəbbüsü ilə baş tutub.

Görüşün başlanması və qurtarması arasında yayılan informasiya fərqi təxminən 1,5 saatdır, üstəlik Brüssel vaxtı ilə 22:30-00:00 radələrinə düşür.

Gecə ikən Makron Paşinyanla birgə İlham Əliyevdən niyə görüş xahiş etməli idi?

Olduqca maraqlı qrafikdir: Makron 14 dekabrda – Şarl Mişelin iştirakı ilə Əliyev-Paşinyan görüşü baş tutan gün – Rusiya lideri Putinlə telefon əlaqəsi saxlamışdı. Həmin gün onlar Ukrayna məsələsinə toxunduqdan sonra Qarabağı müzakirə etmişdilər.

Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Makronu 26 noyabr 2021-ci il Soçi görüşü haqda məlumatlandırıb. Putin eyni zamanda “qaçqınların qayıtması, ticari-iqtisadi və kommunikasiya əlaqələrinin bərpası istiqamətində” iş aparıldığını bildirib.

Ən maraqlı məqam bir gün sonra Yelisey Sarayından yayılan açıqlama oldu. Bildirildi ki, liderlər müzakirə olunan məsələlər barədə növbəti dəfə danışmaq barədə razılaşıblar.

Belə bəlli olur ki, Makron Şərq Tərəfdaşlığı Sammitinə qatılan Zelenski və Əliyevlə görüşmək üçün Putindən icazə alıb. Zəruri olaraq xatırladaq ki, Makron ötən gün Putinlə danışandan sonra Almaniyanın yeni kansleri ilə birgə Zelenski ilə görüşmüşdü.

Əliyevlə görüşə gəlməzdən öncə Soçi görüşü haqda bir daha (ona görə “bir daha” ki, bundan öncə məlumatlandırılmışdı) məlumat almaq Makronun heç nəyinə lazım deyildi, sadəcə, Putinlə nələrsə razılaşdırılır və icazə alınırdı.

Makronun Zelenski və Əliyevlə görüşəndən sonra təkrar Putinə zəng edəcəyi haqda Parisin yaydığı məlumat buna görə önəmlidir. Hansı müzakirələr və razılaşma əldə olunmasına çalışılır?

Azərbaycanın mövqeyi: dövlətlərin daxili işlərinə, suverenliyinə müdaxiləni rədd etdi, Sammitin bəyanatındakı 11-ci bənddən – Belarusa qarşı olan məqamdan özünü ayırdı və bunu rəsmən elan etdi. Deməli, Belarusla bağlı oyunlara getmədi.

Eyni münasibət Belarus və Rusiya ilə hərbi-iqtisadi blokda olan Ermənistan tərəfdən sərgilənmədi.

Ermənistanın mövqeyi bəllidir, məsələ burasındadır ki, Fransanın da mövqeyi aydındır və Makronun Əliyev-Paşinyan görüşünə təşəbbüsündə problemin həllinə deyil, İrəvanı müdafiə məqsədi güddüyü də kimsəyə sirr deyil.

Bu qeyri-formal görüşdə daha bir maraqlı məqam da var. Fotoya diqqətlə baxın – İlham Əliyevlə Makron birinci əyləşirlər, qısa aradan sonra onlara Paşinyan da qoşulur.

Üçlüyün birgə söhbətində iki şəxsin qarşısında stəkan var – Əliyev və Makronun. Paşinyan üçün masaya heç boş stəkan da qoyulmayıb.

Söhbətə sonradan qoşulması ilə bağlı da ola bilər. Ancaq məsələ burada onun əvvəlcədən nəzərə alınmamasıdır.

İlham Əliyevin Paşinyanla bu qeyri-formal görüşdən imtina etməyəcəyinə heç Makron da əmin olmayıb.

Və… ən ciddi nüans bu görüşdən sonra Makronun tvitidir. Makron görüşdən ayrılan kimi yazdı: Erməniləri heç vaxt tək qoymayacağıq!

Bu, qeyri-formal görüşdə Makronun necə “razı” qalmasının nəticəsidir…