Vaxtilə dünyaya “Arşın mal alan” filmi ilə səs salmış Azərbaycanda hazırda milli kino sahəsində yaranmış durğunluq kinosevərləri dərindən narahat edir.
Elə bu günlərdə tanınmış aktyor Kamran Yunis kinonun inkişafdan qalmasından danışarkən bu sahəyə pul ayrılmadığından gileyləndi (Baromet tv).
O, bildirdi ki, ümumiyyətlə, mədəniyyət sahəsinə zəruri maliyyə vəsaiti ayrılmadığından Azərbaycanda kino yoxdur: “Nə çəkilir? İldə, iki ildə bir dəfə film çəkmək film çəkmək deyil. Son iki-üç ildə çəkilən sonuncu Azərbaycan filminin adını çəkə bilərsiniz? Yoxdur”.
Aktyor hesab edir ki, indi kiminsə film çəkməsi “dövlətin nailiyyəti deyil”. Məsələn Hikmət Rəhimov kimi istedadlı aktyor, rejissor haradansa, kimdənsə, necəsə pul tapıb film çəkdi: “Bir az gurladı, parladı, Allah canlına dəyməsin, sözün böyük mənasında, indi görürəm ki, Hikmət görsənmir. Axı bu, insan istedadlıdır, çox bacarıqlıdır, çox dəyərlidir, ən önəmlisi, ləyaqətlidir”.
NOCOMMENT.az xəbər verir ki, bu gün isə Milli Məclisin komitə iclasında məlum olub ki, aktyorun narahatlığı əbəs yerə deyilmiş. Belə ki, maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, bu il Kino Agentliyinə maliyyə vəsaiti ayrılması nəzərdə tutulmayıb, çünki bu il üçün ayrılmış 8,5 milyon manat vəsaitin yalnız 41 faizi – 3,5 milyon manatı xərclənib.

“Hazırda 5 milyon manat istifadə olunmamış vəsait qalıb. Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik, bu ilin əvvəlinə qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti olub. Buna görə hesab edirik ki, qurumun mövcud ehtiyatları növbəti il üçün xərcləri qarşılamağa kifayət edəcək”, – deyə nazir müavini bildirib.
Kino sahəsində kifayət qədər təcrübəyə malik olan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bu məsələyə etiraz edib: “Gələn il kinoya vəsait ayrılmaması ciddi problemdir. Kino sahəsində maliyyə dəstəyi kəsilərsə, bu sahədə çalışan mütəxəssislər iş yerlərini tərk edəcək, gələcəkdə Azərbaycan kinosunun inkişafı dayanacaq”.

O, nəzərə çatıdırıb ki, mədəniyyət sahəsinə ayrılan vəsait heç vaxt kifayət qədər olmur: “Abidələrin bərpası və restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğuldur, lakin kinoya ayrılan vəsaitin kəsilməsi yolverilməzdir”.
Millət vəkili Rəfael Hüseynov da həmkarının fikrini dəstəkləyib və Azərbaycan kinosunun inkişafı üçün əlavə təşviq mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb: “XX əsrin ortalarında Azərbaycan kinosu böyük nailiyyətlər əldə edib. Bu ənənə qorunmalıdır. Kino xadimlərinə güzəştlər, avadanlıqların idxalında vergi yüngüllükləri və digər imtiyazlar verilməlidir”.
Yeri gəlmişkən, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun çıxışından bəlli olub ki, ğlkəmizdə kino çəkilirmiş. “Son iki ildə ölkəmizdə 71 film istehsalına başlanıb, onlardan 50-si artıq tamamlanıb. Onlardan 15 film Vətən müharibəsinə həsr olunub, 5 filmin çəkilişi isə davam edir. Son 5 ildə 30-a yaxın filmimiz beynəlxalq festivallarda iştirak edib. Hazırda 7 animasiya filmi üzərində iş gedir, tarixi filmlərin çəkilişi üçün Türkiyədəki istehsal poliqonları öyrənilir. Xarici film istehsalçılarının layihələrinə çəkilən xərclərin 40 faizi Azərbaycan dövləti tərəfindən qarşılanır. Buna görə də Kino Agentliyinə maliyyə təminatının davam etdirilməsi zəruridir”, – deyə Cəfərov bildirib.
Maraqlıdır ki, Maliyyə Nazirliyi ölkəmizi dünyada təbliğ edə biləcək bir sahənin pulunu kəsməyə hazırlaşarkən Azərbaycan Respublikasının Kino Agentliyi “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi” barədə düşünür (arka.culture.az).
Agentliyin baş direktoru Rəşad Əzizovun fikrincə, bu qərar kino sənayesinin ümumi daxili məhsulda payının artırılmasına, yerli peşəkar kadrların yetişdirilməsinə və ölkənin turizm potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.
Bundan başqa, ARKA 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edib. Əgər maliyyə vəsaiti ayrılmasa, həmin müsabiqənin taleyi necə olacaq?! Doğrudanmı, maliyyə məmurları güman edirlər ki, 5 milyon manat kinonun inkişafı üçün böyük rəqəmdir?!
Deməli, hazırda təqaüdçülər sanatoriyasını xatırladan Azərbaycan Kinematoqrafçılar İttifaqına büdcədən maliyyə vasaiti ayrılır, amma kinonun inkişafına təkan verə biləcək agentliyə “bu il sizə vəsait ayrımayacağıq” deyilir. Sanki arpa-buğda əkinindən söhbət gedir: bu il arpa əkək, gələn il buğdaya keçərik.
“REAL” partiyasının sədri Natiq Cəfərli demişkən, Mədəniyyət və Maliyyə Nazirliyinə hüquqşünaslar rəhbərlik edəndə kinomuzun da maliyyə durumu bu gündə olmalıdır.
Xatirə SADİQ













