Soyuq fəsildə marketlərdə satılan dondurmalar dad və keyfiyyət baxımından yay aylarında istehsal olunanlardan fərqlənir. Bəzən üzərində yazılan istifadə müddəti keçməsə də, dadında və quruluşunda dəyişiklik hiss olunur – yağlı plombir belə “buz kimi ovulur”. Mütəxəssislər bu halın orqanizm üçün riskli ola biləcəyini bildirirlər.
Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, dondurma yalnız yay mövsümü üçün deyil, ilboyu istehsal olunur. Lakin onun saxlanma müddəti tərkibindən, istehsal üsulundan və temperatur şəraitindən asılıdır:
“Dondurmanın kremvari quruluşu uzun müddət saxlananda dəyişə bilər. Əgər soyuducu tez-tez açılıb-bağlanırsa və temperatur -18°C-dən yuxarı qalxırsa, məhsul əriyir və yenidən donur. Nəticədə içindəki su hissəcikləri iri buz kristallarına çevrilir və dondurma “buz kimi ovulan” hala gəlir”.
Ekspertin sözlərinə görə, dondurmanın üzərində göstərilən son istifadə tarixi yalnız daimi -18°C temperaturda saxlanıldığı halda keçərlidir:
“Marketlərin köhnə soyuducularında və ya tez-tez açılıb-bağlanan vitrinlərdə bu rejim pozulduqda dondurmanın dadı, qoxusu və rəngi dəyişir.
Temperaturun dəyişməsi nəticəsində yağ acılaşır, şəkər kristallaşır, qabın içində buz təbəqəsi yaranır. Bu, məhsulun artıq əridiyini və yenidən donduğunu göstərir.
Əgər dondurmanı sıxdıqda çox sərt və buz kimi ovulursa, rəngi tündləşibsə, qoxusu südlü deyil, donmuş su kimi gəlirsə – bu, kristallaşmanın və keyfiyyətin pozulduğunun göstəricisidir. Belə məhsulları istifadə etmək təhlükəlidir. Bunlar mədə-bağırsaq pozuntusu və zəhərlənmə riski yaradır”.
Asim Vəliyev əlavə edib ki, dondurmanın əsas tərkibi süd və ya krem, şəkər və emulqatorlardan ibarətdir:
“Bəzi ucuz markalar təbii süd yağını bitki yağı ilə əvəz edir ki, bu da həm dadı, həm də qidalanma dəyərini azaldır.
Etiketində “süd yağı” yazılanlar təbii olur, “bitki yağı tərkiblidir” qeyd olunanlar isə süni qatqılı sayılır. Dondurma qabı şişkin və ya deformasiyalıdırsa, onu almaq olmaz – bu, ərimə əlamətidir.”
Ekspert istehlakçılara qış aylarında dondurma alarkən diqqətli olmağı tövsiyə edib:
“
Aynurə İsmayıl












