Kənd təsərrüfatı sektoru hər bir dövlətin onurğa sütunudur. Amma Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinə tabe olan “Azəraqrar” Dövlət İstehsalat və Emal Kompleksi MMC ətrafında cərəyan edən hadisələr göstərir ki, bu qurum dövlətə xidmət etməkdən çox, bəzi vəzifəli şəxslərin şəxsi feodallığına çevrilib. Ortada olan mənzərə dəhşətlidir: rüşvət tələbi, mənimsəmə, fiziki zorakılıq və ən ağrılısı — şəhid ailəsinin dövlət qurumu tərəfindən “dərisinin soyulması”.
Məcnun Məmmədov, bu insanların səsi sizin kabinetinizin divarlarını keçə bilmirmi?
Cənab nazir, rəhbərlik etdiyiniz nazirliyin strukturuna daxil olan bir müəssisədə sahibkar Nazilə Orucova — bir şəhid ailəsinin üzvü — illərdir süründürülür. 2019-cu ildən bəri fəaliyyət göstərmək istəyən, dövlətə vergi ödəməyə hazır olduğunu bildirən bir vətəndaşın qarşısına keçilməz sədlər çəkilir. Məcnun Məmmədov, siz o yumşaq kresloda əyləşib kənd təsərrüfatının inkişafından danışarkən, tabeliyinizdəki Həsən Abdullayevlər, Fəda Abbasovlar Ceyrançöl otlaqlarında öz qanunlarını diktə edirlər.
Vətəndaş açıq şəkildə bildirir ki, ondan rüşvət tələb olunub. “Pul verməsən, burada qoyun saxlaya bilməzsən” deyən çobanların və müdirlərin cəsarəti haradan qaynaqlanır? Əgər bir qurumun işçisi “Dövlət bizə maaş vermir, ona görə pul verməlisən” deyirsə, bu, artıq anarxiyadır. Bu, dövlət daxilində dövlət qurmaq cəhdidir. Cənab Məmmədov, siz bu rəzalətə nə vaxta qədər göz yumacaqsınız?
Şəhid qanı ilə suvarılan torpaqda şəhid ailəsini döymək hansı mənəviyyata sığır?
Dəhşətli fakt budur: dekabrın 5-də Səkinə Əliyeva adlı çoban polisin gözü qarşısında şəhid ailəsi üzvünü yerə yıxaraq huşunu itirənə qədər təpikləyir. Bir qadın sahibkarın, bir şəhid əmanətinin dövlət müəssisəsinin ərazisində bu cür fiziki zorakılığa məruz qalması təkcə cinayət deyil, həm də dövlətin adına ləkədir.
Nazilə xanımın 49 qoyunu, 42 quzusu və 30 toğlusu gecə vaxtı mənimsənilir, qalan heyvanları isə qoca və xəstə heyvanlarla dəyişdirilir. Bu, adi bir oğurluq deyil, bu, mütəşəkkil cinayətkar qruplaşmanın əməlidir. Cənab Məmmədov, faktlar, sübutlar, videolar və fotolar ortadadır. Sizin üçün daha hansı sübut lazımdır? Yoxsa siz də tabeliyinizdəki bu şəxslərin “mahiyyətindən” bixəbərsiniz? Əgər bixəbərsinizsə, bu, səriştəsizlikdir; yox, əgər xəbəriniz olub susursunuzsa, bu, artıq şərik olmaqdır.
Kəndlinin heyvanı ilə dövlətin kəsirini düzəltmək: “Azəraqrar”ın fırıldaq mexanizmi
Qazax rayon Daşsalahlı kənd sakinləri Vəliyev Novruz və Əliyev Rafiqin başına gətirilənlər isə klassik bir fırıldaqçılıq ssenarisidir. Dövlət müəssisəsindəki yeyintiləri ört-basdır etmək üçün kəndlinin 88 baş qoyununu “nazirlik pul ayıracaq” vədi ilə alıb fermaya doldurmaq və audit yoxlamasından keçmək üçün say düzəltmək hansı məntiqlə izah oluna bilər?
Bu insanlar dövlətə inanaraq malını veriblər. Amma indi məlum olur ki, “Azəraqrar”ın rəhbərliyi dövlətin və şəhid ailəsinin heyvanlarını satıb, yaranan kəsiri isə kəndlinin malı ilə qapatmağa çalışır. Bu, dövlət əmlakının talanmasıdır! Cənab nazir, sizin auditiniz gəlib kəndlinin heyvanını dövlətin heyvanı kimi sayırsa, deməli sizin sisteminiz başdan-ayağa çürüyüb.
Nə üçün qəbul etmirsiniz? Nə üçün susursunuz?
İnsanlar illərdir qapınızda növbə gözləyir, məktub yazır, müraciət edir. Bir nazir olaraq xalqın içinə çıxıb bu problemləri yerindəcə həll etmək yerinə, niyə susqunluğa üstünlük verirsiniz? Şikayətçilər bildirir ki, sorğulara cavab verilmir, zənglərə baxılmır. Sizin mətbuat xidmətiniz nə işlə məşğuldur? Yoxsa onlar da rəhbərliyin “görmədim, eşitmədim, bilmədim” taktikasını icra edirlər?
Bu ölkə uğrunda canını fəda edənlərin ailəsini bu qədər süründürmək, onların ruzisinə göz dikmək heç bir vəzifə borcuna, heç bir insanlığa sığmaz. Nazilə Orucovanın, Novruz Vəliyevin, Rafiq Əliyevin fəryadı artıq Ceyrançölü aşıb paytaxtın mərkəzinə çatıb.
Cənab Məcnun Məmmədov, bu insanların ahı sizi o kresloda rahat oturmağa qoymamalıdır. Ya tabeliyinizdəki bu mütəşəkkil qrupu dərhal təmizləyib, vətəndaşlara dəymiş ziyanı ödəyəcəksiniz, ya da bu rəzalətin məsuliyyətini şəxsən öz üzərinizə götürəcəksiniz. Unutmayın ki, dövlət məmuru vətəndaşın ağası deyil, xidmətçisidir. Şəhid ailəsinin qanını, kəndlinin alın tərini soran bu mexanizm dağılmalıdır!
Vətəndaşın qoyununu, quzusunu mənimsəyib, onu fermada döydürüb, sonra da heç nə olmamış kimi davranmaq dövrü bitib.
Faktlar ortadadır, indi növbə qanunun və sizin mənliyi qalan vicdanınızındır — əgər qalıbsa…
Əli Səfərli,
NOCOMMENT.az









