Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib.
Rəşid Behbudov Fondunun direktoru, tanınmış jurnalist Kamil Şahverdi sabiq mədəniyyət naziri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun çıxışına cavab olaraq qeyd edib ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz Mehdiyevlə respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını (“sehrli” çubuğu ilə) nazirliyin balansından sildirən, “Kinoprokat” kimi böyük bir strukturu ləğv edən (“Kinoprokat”ın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə “spisat” edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?” – deyə iradını bildirib.
Tanınmış vəkil Aslan İsmayılov da P. Bülbüloğlunun etirazına reaksiya verib.
O sosial şəbəkə hesabında yazıb ki, mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəni irsini hərraca çıxaran, mədəniyyətini məhv edən Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır:
“Çox istərdim ki, 15 iyun 1993-cü ildə Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsi də yenidən araşdırılsın.
Ən əsası necə oldu ki, ard-arda həmin muzeyin direktorları zəhərlənmədən dünyasını dəyişdilər? Həmin əsərlərin oğurlanmasında əsas fiqur olan, uzun illər beynəlxalq axtarışda olan güləş üzrə dünlya və Avropa çempionu Aydın İbrahimovu kimlər ölkəyə gələndən az sonra cinayət məsuliyyətindən azad etdilər?
Bu hadisələri çox yaxşı bilirəm, ona görə ki, elə həmin vaxtdan 1999-cu ilə qədər bu işin araşdırılması ilə məşğul olmuşam. 1999-cu ildə oğurlanmış 300 əsərin (Bremen muzeyinə məxsus 12 tanınmış əsər istisna olmaqla) Azərbaycana qaytarılması, həqiqi oğruları müəyyən edilməsi üçün dəfələrlə ABŞ-da olmuşam, axtarışda ola-ola hətta ABŞ-da belə məni təhdid edən A.İbrahimovun hədə-qorxularına baxmayaraq Nyu York federal məhkəməsində andlılar qarşısında çıxış da etmişəm. Həmin illəri dövrü mətbuatında bu hadisələrə aid yüzlərlə yazı və çıxışım var”.

Əntiqə Rəşid









