Mənfəət axtaran vicdan: Zəngilanlı qaçqının bu müraciəti mübahisə yaratdıbackend

Mənfəət axtaran vicdan: Zəngilanlı qaçqının bu müraciəti mübahisə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngilan sakini Yaşar Cəfərovun videosunu mən də gördüm. Bu müraciət son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib deyə öz münasibətimi bildirməyi vacib sayıram.

Müharibə zamanı qaçqın düşərkən itirdiyi mal-mülkün dövlət tərəfindən kompensasiya olunmasını tələb edən bu çıxış bir çoxlarının haqlı etirazına səbəb olub. Cəmiyyət çox doğru olaraq narazılığını gizlətmir: istifadəçilər bunu nə ədalətli, nə vicdanlı, nə də milli-mənəvi dəyərlərə yaraşan davranış hesab edir.

Məsələ sadəcə bir fərdin tələbi deyil. Məsələ, bu torpaqlar üçün can verənlərin ruhuna hörmətsizlikdir. Məsələ, otuz ildən çox durmadan dəstək göstərən dövlətə münasibətlə bağlıdır.

Bu xalq – dağıdılmış evlərin altında keçmişini qoyub, amma ümidini itirməyən bir xalqdır. Bu dövlət bir milyon məcburi köçkünə ev, imtiyaz, maaş, müalicə, sosial paket verən dövlətdir. Bu millət şəhidinə göz yaşı ilə borcunu ödəyən, qazisini başının üstündə saxlayan millətdir.

Belə olan halda, şəxsi mənfəəti “haqq” adı ilə ortaya qoymaq nə qədər doğrudur?

Qaçqınlıq bir taledir, alver deyil

Qaçqın düşmək faciədir, amma bu faciəni fürsətə çevirmək faciədən qat-qat betərdir. Bu xalq otuz il torpaqlarının həsrətini yaşadı, bu müddətdə dövlət sənin evini, çörəyini, işini, maaşını, sağlamlığını qorumaq üçün min cür mexanizm qurdu. Məcburi köçkün statusunun özü yüz minlərlə insana illərlə əlavə imtiyaz verdi.

İtirdiyini dövlət sənə bir dəfə yox, yüz dəfə artıq qaytardı. Ev verdi, torpaq verdi, əlavə güzəştlər verdi. Bütün bu illər boyu səni çarəsiz qoymadı.

İndi qalxıb “zərərim kompensasiya olunsun” söyləmək nə deməkdir?

Dövlət kompensasiya borcunu çoxdan ödəyib. Həm də pul ilə yox, davamlı qayğı ilə, sosial təminatla, yeni evlərlə, qurulan kənd və şəhərlərlə.

Müharibə qazancı yoxdur – şəhid qanının qiyməti olmur

Şəhid ailəsi olmaq, qazi olmaq, döyüşmək, torpaq itirmək – bunların heç biri insanın “qazanc yeri” deyil. Dövlət bu insanları qiymətləndirir, çünki bu, mənəvi borcdur. Amma kiminsə öz şəxsi narazılığını müharibənin içindən çıxarıb satışa qoyması cəmiyyətin həssas damarına toxunur.

Müharibə hər kəsin faciəsidir. O torpaq uğrunda ölənlərin ailələri, ömürboyu əlil qalan qazilər, döyüşçülər hələ də səssizcə dərdlərini daşıyarkən, kiminsə “mülkümün pulunu istəyirəm” deməsi birmənalı qarşılanmamalıdır. Çünki bu, sadəcə narazılıq deyil, mənəvi korluqdur.

Vicdan insanın içində olmalıdır, dövlətin kisəsində yox

Biz bu illər ərzində öyrəndik ki, dövlət təkcə güc strukturları ilə yox, həm də əxlaqla idarə olunur. Dövlət də, xalq da öz övladının arxasında dayanıb. Amma bu o demək deyil ki, dövlətin hər dürüst addımı kiməsə alver fürsəti gətirməlidir.

Sosial mediada yüzlərlə insan məhz buna etiraz edir:

“Dövlət 30 il sənə arxa-dayaq olub.”

“Bu ölkə sənin qaçqınlıq dərdinə çarə axtardı, indi sən onun üzünə haqq tələb edirsən?”

“Müharibə hesablaşma yeri deyil”.

“Vicdanı olan bu cür tələblə çıxış edə bilməz”.

Bu reaksiyalar təsadüfi deyil. Bu toplum 44 günlük müharibədə bir yumruq olub. On minlərlə insan torpaq üçün canını ortaya qoyduğu halda, kiminsə torpağın taleyini şəxsi mənfəət məsələsinə çevirməsi, təbii olaraq qəbul edilmir.

Bəli, ədalət tələbi vicdanla ölçüləndə mənalı olur.

Heç kim vətəndaşın haqq tələbini qadağan etmir. Amma hər tələb haqlı olmur. Haqqın meyarı şəxsi istək deyil, vicdandır. Dövlət sənə 30 il ərzində nə edib? Hər dərdində yanında olubmu? Ev, yardım, iş, imtiyaz veribmi? Bəli.

Bəs sən dövlətə, bu torpaqlar uğrunda canını verənlərə, bu ölkənin gələcəyi üçün döyüşənlərə nə verdin?

Cəmiyyətin bu məsələyə sərt reaksiyası əslində bir mesajdır:

Bu xalq müharibə acısından qazanc çıxaranı qəbul etmir.

Ağagül Mürsəlov