Amerikanın məşhur kinoaktyor Robert De Nironun nəvəsi Leandro Entoni De Niro-Rodrigesin və digərlərinin ölümü ilə bağlı beş nəfərə qarşı ittiham irəli sürülüb.
NOCOMMENT.az bu barədə NBC News telekanalına istinadən xəbər verir.
Məlumata görə, təqsirləndirilən şəxslər Nyu-York şəhəri və Lonq Iylandın bəzi bölgələri üzrə sosial mediadan narkotik vasitələrin reklamı və satışı üçün istifadə ediblər.
İstintaqın iddiasına görə, təqsirləndirilən şəxslər tərkibində təhlükəli fentanil narkotiki olduğunu açıqlamadan minlərlə “Xanax” saxta həbləri yeniyetmələrə və gənclərə satıblar.
Federal prokurorlar bildiriblər ki, De Nironun nəvəsi də daxil olmaqla, 19 yaşlı üç gənc 2023-cü ilin yayında üç ay ərzində həddindən artıq dozadan ölüb. Hər ölüm fentanil qarışığı olan həblərlə əlaqədar olub.
Robert De Nironun qızı Drena De Niro bundan öncə bildirmişdi ki, oğlu həblər ona satılandan sonra ölüb.
Qeyd edək ki, Leandro Entoni de Niro-Rodriges anasının yeganə övladı olub. Drena De Niro kinoaktyorun böyük qızıdır.
Xatirə SADİQ













