Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksində bəzi binaların tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.
NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, “Hünər-İnşaat” şirkətidir.
Şirkət 4,5 ha torpaq sahəsində salınacaq yaşayış kompleksinin 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binaları tikintisini həyata keçirəcək.
“Hünər-İnşaat” bu binaların tikintisinə görə MİDA-ya 26 milyon 369 min 453 manat ödəniş etməsini təklif edib. Yaxın günlərdə təklifin qəbul edilib müqavilə bağlanacağı gözlənilir.
Məlumata görə, 4,5 ha torpaq sahəsində ümumilikdə 12 ədəd çoxmərtəbəli yaşayış binasının, eləcə də 3 ədəd birmərtəbəli qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulur ki, buna da 105 milyon 840 min manat vəsaitin xərclənəcəyi ehtimal olunur. Tikintisi nəzərdə tutulan 1, 4, 5, 10, 11 və 12 nömrəli bina 12 mərtəbəli, 2, 3, 6, 7, 8 və 9 nömrəli bina isə 16 mərtəbəli olacaq.
Xatırladaq ki, Saraydakı yeni yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması işləri hələ ötən ilin sentyabrında “Arch-tikinti” şirkətinə həvalə olunub.













