Milyarder Rusiyada qazandığı pulları Xankəndidə xərcləyəcəkbackend

Milyarder Rusiyada qazandığı pulları Xankəndidə xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndiyə yerləşməsi sıradan hadisə deyil. Bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti təxribatdır”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, erməni milyarder Vardanyan digər imkanlı ermənilərə də Qarabağa köçmək üçün çağırış edib: “Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan Ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sarkisyan qayıtmalı idilər. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər”.

E.Şahinoğlunun fikrincə, Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır. Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər.

“Məqsəd Azərbaycan Ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutyunyanı Ermənistanın Baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Araik Arutyunyanı Ruben Vardanyanla əvəz etmək planının varlığını istisna etmək olmaz. Araik Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq.

Ruben Vardanyanın “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orada da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Vardanyanın siyasi gedişinə harada yaşamasından asılı olmayaraq, hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?”, – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, erməni əsilli milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etməyə hazırlaşır. Riskli addım atdığını deyən Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar verdiyini söyləyib. O, Azərbaycanın Xankəndi şəhərində yaşayacağını vurğulayıb.

Ruben Vardanyan “Troyka Dialoq” investisiya şirkətinin təsisçisidir. Onun 1 milyard dollardan çox sərvətə sahib olduğu bildirilir.