Milyonlar ölkədən hara axır? – Ekspertdən sensasion açıqlamabackend

Milyonlar ölkədən hara axır? – Ekspertdən sensasion açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər azərbaycanlıların xaricdə daşınmaz əmlak almasına marağı əhəmiyyətli dərəcədə artıb. Vətəndaşların bir qismi gəlir məqsədilə, digərləri isə təhsil, yaşayış və ya biznes planları çərçivəsində sərmayələrini ölkə xaricinə yönəldirlər. Bu prosesin miqyası genişləndikcə, həm onun sosial-iqtisadi səbəbləri, həm də ölkə üçün doğurduğu müsbət və mənfi nəticələr gündəmə gəlir. Məsələ burasındadır ki, yerli yatırım axınının xaricə yönəlməsi fonunda Azərbaycan bazarının cəlbediciliyinin azalması da müzakirə obyektinə çevrilir.

Bəs vətəndaşları xaricdə əmlak almağa sövq edən amillər hansılardır? Axının ölkəyə qaytarılması üçün nə edilməlidir? Bu suallara cavab tapmaq üçün mütəxəssis rəylərinə üz tutduq.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycan xarici investisiya cəlb etmə sahəsində digər ölkələrdən geri qalır. Onun sözlərinə görə, vətəndaşların cəmi 1 faizindən azı daşınmaz əmlak istiqamətində xaricə investisiya yatırır və bu yatırımların 50 faizindən çoxu Türkiyənin payına düşür.

Ekspert bu meylin bir neçə əsas səbəbini göstərir:

• Dil və məsafə yaxınlığı, eləcə də ölkədə qohumların olması;
• Övladlarının Türkiyədə təhsil almasını planlaşdıran ailələr – bu qrup orada əmlak alaraq övladlarının yaşayışını təmin etməyə çalışır;
• Turizm bölgələrində mənzil alıb kirayə vermək istəyən investorlar – həm gəlir gətirir, həm də özləri vaxt aşırı həmin mənzillərdə qalırlar;
• Kommersiya əmlakı alanlar – bu seqment çox azdır, lakin bəzən azərbaycanlılar mini otellər və ya kiçik obyektlər alaraq biznes qururlar.

Azadov bildirib ki, xaricə daşınmaz əmlak yatırımlarında ikinci yeri uzun müddət Rusiya tutub, lakin bu əsasən investisiya məqsədi ilə deyil, daimi köçmək niyyəti ilə baş verib.

Ekspert hesab edir ki, Azərbaycana qeyri-neft sektorunda investisiya qoyuluşu həmişə zəif olub. Bunun səbəblərindən biri də əvvəlki illərdə ölkənin qonşu dövlətlərlə hərbi gərginliyinin mövcudluğu idi:

“Xarici investorlar ehtiyat edirdilər. Neft sektorundan başqa, yaşayış komplekslərindən mənzil alıb sırf investisiya baxımından Azərbaycana yatırım edənlərin sayı çox azdır”, – deyə Azadov qeyd edir.

Onun sözlərinə görə, Azərbaycana daşınmaz əmlak yatıran xaricilərin əksəriyyəti ya əvvəllər ölkədə yaşamış Rusiya vətəndaşları, ya da kökləri Azərbaycana bağlı şəxslərdir. İstisna olaraq “Sea Breeze” layihəsi daha böyük həcmdə xarici investisiya cəlb edən ilk layihə kimi göstərilir.
Azadov bildirib ki, Azərbaycanın investisiya reytinqinə mənfi təsir edən əsas amillərdən biri qanunsuz tikililərin çoxluğudur. Son iki ildə Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi bu istiqamətdə addımlar atır və yeni “Vahid Portal” üzərində işləyir.

“Qanunsuz tikililərin leqallaşdırılması və gələcəkdə bu hallarının qarşısının alınması təmin olunsa, Azərbaycanın beynəlxalq investisiya reytinqi də yüksələcək”, – ekspert vurğulayıb.

Elnur Azadova görə, vətəndaşların xaricə yönələn investisiyalarının ölkəyə qaytarılması üçün əsas addımlar bunlardır:

• Hüquqi şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması;
• Qanunsuz tikililərin leqallaşdırılması prosesinin sürətləndirilməsi;
• Yeni, təhlükəsiz və gəlirli investisiya layihələrinin yaradılması;
• Daşınmaz əmlak sektorunda risklərin minimuma endirilməsi.

Ekspert hesab edir ki, bu tədbirlər həyata keçirilsə, həm yerli vətəndaşların, həm də xarici investorların Azərbaycan bazarına marağı artacaq.

Aynurə İsmayıl