Məlum olduğu kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasında adı hallananlar arasında Azərbaycan vətəndaşı da var.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda həbsdə olduğu bildirilən şəxsin kimliyi məlum olub. Belə ki, bu, 31 yaşlı Yaqub Qurbanovdur.
Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıqları binanın daşlanmasından sonra baş verib:
“Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr, tutub aparırdılar. Həmin gün düz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilib daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır”.
N.Nəcəflinin sözlərinə görə, yataqxanada kameralar var və bütün giriş-çıxışlar görünür:
“Əgər belə bir şeylə ittiham olunuruqsa, gəlib kameraları açıb baxsınlar. Biz bura çörəkpulu dalınca gəlmişik. Dövlətimin, millətimizin üzünü qara edəcək heç nə etməmişik. İndi də vəziyyət çox pisdir. Səhərə qədər bizim binanı daşlayıblar, yata bilməmişik. Axırda da polis maşınını gətirib saxladılar burada. Küçələrdə də “türklər buranı tərk etsin, türklərə ölüm” şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur”.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etmişik.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı N.D. (54) adlı Türkiyə vətəndaşı da saxlanılıb. Həmçinin 45 nəfər müvəqqəti olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. Bundan sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib. Oktyabrın 27-si polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.
***
Monteneqronun paytaxtı Podqoritsada aparılan yoxlamalar zamanı 45 türkiyəli vətəndaş saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, polis Türkiyə vətəndaşlarının iştirak etdiyi zorakılıq hadisələrindən sonra koordinasiyalı tədbirlər həyata keçirib.
Yoxlamalar nəticəsində ümumilikdə 45 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları onların ölkədə qalma qanuniliyini və mümkün qanun pozuntularını qiymətləndirəcək. Bu prosesdən sonra yaşayış icazələrinin ləğvi və ölkədən çıxarılma kimi tədbirlər görüləcək.
Ölkənin Polis İdarəsi bəyan edib ki, Monteneqro ərazisində əcnəbilərin qalmasına nəzarət sərt şəkildə davam etdiriləcək və qanun pozanlara qarşı qısa zamanda tədbir görüləcək.













