Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib.
“Kommersant”ın xəbərinə görə, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb.
Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.
Rusiya Xarici İşlər Nazirliyi də yayımladığı press-relizdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün endirilən zərbələr Ukraynanın müdafiə-sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı “Kinjal” hipersəs raketləri və zərbə PUA-larının tətbiq edildiyi qeyd olunub.
Məsələ ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı NOCOMMENT.az-a açıqlamasında deyib ki, son günlər verilən bəzi açıqlamalar təsadüfi deyil və Rusiya–Ukrayna müharibəsinin fonunda digər ölkələri bu prosesə cəlb etmək üçün böyük oyun gedir. Onun sözlərinə görə, Belçika tərəfinin əsaslandırılmamış və tələsik şəkildə səsləndirdiyi bəyanatlar da bu kontekstdə dəyərləndirilməlidir.

Cavanşir Abbaslı bildirib ki, Azərbaycan və Rusiya regionun iki qonşu dövləti kimi bir-birinə yaxın ölkələrdir və onları qarşı-qarşıya qoymaq cəhdləri son illərdə xeyli güclənib. O xatırladıb ki, Azərbaycanın hərbi təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər soyuqlaşsa da, son aylarda bu əlaqələrdə müsbət dinamika müşahidə olunur. Şərhçi bunun da təsadüfi olmadığını vurğulayıb.
Onun fikrincə, Ukraynada Azərbaycanın diplomatik nümayəndəliklərinin yaxınlığına raket düşməsi, eləcə də Xarkovdakı konsulluğa zərbələr endirilməsi xoş hal olmasa da, proseslərin ümumi gedişi fonunda baş verən hadisələrdir. O qeyd edib ki, müharibə başlayandan bəri Azərbaycanın Ukraynada bir sıra obyektləri dəfələrlə təhlükə ilə üzləşib.
Cavanşir Abbaslının sözlərinə görə, 8 avqustda Ağ Evdə sülh öncəsi paraflanan sənəddən sonra SOCAR-ın Odessadakı neft bazalarına 10 gün ərzində iki dəfə raket düşməsi də münasibətləri gərginləşdirən amillərdən biri olub. O əlavə edib ki, bu vəziyyətdən sui-istifadə etmək istəyən qüvvələr də ortaya çıxıb.
Şərhçi bildirib ki, hazırda Rusiya tərəfindən ABŞ istehsalı Patriot sistemlərindən buraxıldığı iddia olunan raketlərlə bağlı açıqlamalar da müəyyən məqsədlərə xidmət edir. Onun fikrincə, bu addımlar həm ABŞ, həm də Rusiya tərəfindən Azərbaycan–Rusiya münasibətlərinə xələl gətirmək cəhdi kimi dəyərləndirilə bilər. Halbuki son aylarda iki ölkə arasında yaxınlaşma müşahidə olunur.
Cavanşir Abbaslı qeyd edir ki, Rusiya–Ukrayna müharibəsi fonunda Azərbaycanın bu savaşın içinə birbaşa deyil, dolayı yollarla çəkilməsi cəhdləri olsa da, bunlar nəticəsiz qalacaq. Azərbaycan xarici siyasətdə həmişə balanslı xəttə üstünlük verib və Rusiya ilə münasibətlər nə qədər gərginləşsə də, Bakı Moskvaya qarşı açıq qarşıdurmaya getməyib.
Onun sözlərinə görə, Kiyevdəki səfirliyə endirilən son zərbə də təsadüfi görünmür, lakin araşdırmalar aparılır və ortada konkret fakt yoxdur. Şərhçi hesab edir ki, Rusiya bu məsələdə daha diqqətli olmalı və Azərbaycanı itirməmək üçün addımlar atmalıdır. O əlavə edib ki, hadisədən dərhal sonra Ukrayna Prezidentinin Azərbaycan liderinə zəng etməsi də təsadüfi deyildi.
Sonda Cavanşir Abbaslı bildirib ki, Azərbaycan bu gün öz mövqeyini qətiyyətlə nümayiş etdirir və bundan sonra da bu xətti davam etdirəcək.









