MTK-ların şəffaflıq problemi – Yığılan pulları kim(lər) MƏNİMSƏYİR?backend

MTK-ların şəffaflıq problemi – Yığılan pulları kim(lər) MƏNİMSƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə Bakıda və digər böyük şəhərlərdə çoxmərtəbəli yaşayış binalarını idarə edən MTK-larla bağlı narazılıqlar artmaqdadır. Problem əsasən “kommunal xidmət”, “zibilpulu”, “komendant haqqı”, “dayanacaq pulu” və digər adlar altında sakinlərdən toplanan məbləğlərin şəffaf və əsaslı şəkildə izah olunmaması ilə bağlıdır. Bir çox hallarda sakinlərdən yığılan yüksək məbləğə baxmayaraq, binaların vəziyyəti olduqca bərbad qalır — nə liftlər təmir olunur, nə həyətlər təmizlənir, nə də təhlükəsizlik təmin edilir.

Ən çox rast gəlinən şikayətlərdən biri odur ki, komendantlar hər ay sakinlərə ödəniş kartları göndərərək 80, hətta 200 manatadək pul tələb edirlər. İddialar isə adətən olduqca tanışdır: “lifti təmir edirik”, “həyətin işığını dəyişirik”, “təhlükəsizlik əməkdaşlarının maaşı”, “təmizlik işləri” və s. Lakin sakinlər haqlı olaraq sual edir: bu pullar hara xərclənir? Çünki bina daxilində vəziyyət dəyişmir — lift daima nasazdır, həyətlər zibil içindədir, bloklar baxımsızdır. Əsaslı xidmət göstərmədən aylıq ödənişlərin artırılması insanlarda narazılıq yaradır.

Sakinlərin ən böyük iradlarından biri də ödənişlərin differensial şəkildə deyil, hamı üçün bərabər təyin edilməsidir. Yəni birinci mərtəbədə yaşayan sakinlə 16-cı mərtəbədə yaşayan sakin eyni pulu ödəməlidir, baxmayaraq ki, birinci mərtəbədə yaşayan liftdən ümumiyyətlə istifadə etmir. Beləliklə, xidmətlə ödəniş arasında əlaqə itir, sistem ədalətsiz və mənasız görünür.

Əksər MTK-lar bina təhvil verildikdən sonra özlərini faktiki olaraq bütün məsuliyyətdən kənara çəkir, amma eyni zamanda xidmət haqqı yığmağa davam edir. Onların fəaliyyətinə ciddi nəzarət olmadığından, sakinlərin şikayətləri də nəticəsiz qalır. Hüquqşünasların fikrincə, MTK-ların topladığı vəsaitin hara xərcləndiyinə dair hesabat verməməsi qanun pozuntusudur və sakinlərin bunu tələb etmək hüququ var. Lakin çox vaxt MTK-lar belə tələbə ya məhəl qoymur, ya da ümumi və qeyri-müəyyən cavablarla məsələni ört-basdır etməyə çalışır.

Qonşu ölkələrin təcrübəsində bina idarəçiliyi sakinlərdən ibarət “İdarə Heyəti” tərəfindən həyata keçirilir və bütün ödənişlər şəffaf şəkildə açıqlanır. Hər hansı təmir, işıqlandırma və ya təhlükəsizlik xərci əvvəlcə sakinlərə təqdim edilir, razılıq olduqdan sonra icra olunur. Bizdə isə MTK-lar sakinləri fakt qarşısında qoyur: “Bu pulu ödəməyə məcbursunuz.” Sakinlər isə haqlı olaraq tələb edir ki, ödənişlərin məbləği ilə göstərilən xidmət arasında real əlaqə qurulsun.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Sadiq Əfəndiyev bildirib ki,  binaların idarə olunması sahəsində MTK-larla bağlı problemlərdən biri, sakinlərin xidmət müqavilələrinin və ödənişlərin qeyri-müəyyən olmasıdır. Bəzi hallarda bu müqavilələr sərbəst bağlanır, bəzi hallarda isə konkret tənzimləmə yoxdur: “Mənzil Məcəlləsinə görə, mənzil mülkiyyətçiləri “Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyəti” adlı qurum yaradır və bu qurum seçki əsasında idarə olunur. Sakinlər bu cəmiyyəti təşkil edə bilməsələr, yəni seçki keçirilməzsə, ümumi yığıncaq mənzil mülkiyyətçilərinin əksəriyyətinin iştirakı ilə həyata keçirilməli və qəbul edilən qərarlar etibarlı sayılmalıdır. Müştərək cəmiyyət yaradılarkən idarəçilik zamanı müəyyən nöqsanlar və narazılıqlar, məsələn, pul yığılması ilə bağlı problemlər yarana bilər. Əgər belə cəmiyyət təşkil olunmazsa, bina tikinti kooperativləri tərəfindən idarə edilməyə davam etməlidir. Bu halda kooperativlər tikinti sahəsində təcrübəli olduqları üçün bina mənzili istismara qəbul olunana qədər idarəçiliyi həyata keçirirlər.”

Hüquqşünasın sözlərinə görə, seçki baş tutmadığı və ya keçirilmədiyi halda bina idarəçisi ola bilməz və idarəçilik qeyri-rəsmi şəxslər vasitəsilə həyata keçirilə bilməz: “Məsuliyyətli şəxs olmalı və idarəçilik yığıncağın qərarı və ya bağlanmış müqavilələr əsasında aparılmalıdır. Müqavilələrin bağlanması və xidmətlərin, qiymətlərin müəyyən edilməsi mütləq yığıncağın qərarı və ya bağlanmış müqavilələr əsasında olmalıdır. Qeyri-rəsmi və ümumi qərarlar bu sahədə düzgün hesab edilmir. Beləliklə, bina idarəçiliyi qanuni şəkildə yalnız sakinlərin təşkil etdiyi müştərək cəmiyyət, tikinti kooperativi və ya qanunla nəzərdə tutulmuş digər qurumlar vasitəsilə həyata keçirilə bilər.”