Naxçıvan DİM: Sədrin belə suallara çıxışı yoxdurbackend

Naxçıvan DİM: Sədrin belə suallara çıxışı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən (DİM) qurum haqqında səsləndirilən iddialara münasibət bildirilib.

NOCOMMENT xəbər verir ki, Naxçıvan DİM-in Mətbuat xidmətindən yeniavaz-a bildirilib ki, iddiaların hamısı qaralama xarakteri daşıyır: “İmtahanlarda 1 yer üçün yüzlərlə adam müraciət edir və aydındır ki, 100 nəfəri 1 yerə yerləşdirmək olmaz. Ona görə imtahandan kəsilənlər də əllərində müxtəlif bəhanələri bayraq edib belə şeylər yazırlar. Xəbərdə verilən fotolar imtahan otağından çıxarılmış suallar deyil, bunlar hazırlıqda slayd vasitəsilə təqdim olunan dünyagörüşü ilə bağlı test nümunələridir, bazaya daxil olan suallar deyil. Bazaya daxil olan suallara kiminsə əlinin çatması mümkün deyil.

Həm imtahanların, həm də müsahibə mərhələsinin videoçəkilişi aparılır. İmtahan otağında 10 müşahidə kamerası var. İmtahana gələn adamlar bir-bir yoxlanılır, mobil telefonlarını, hətta ağıllı saatlarını – hər şeylərini təhvil verib otağa girirlər”.

Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, Naxçıvan DİM 2018-ci ildən dövlət büdcəsindən maliyyə dəstəyi almır: “Nizamnamədə müəyyən olnmuş qaydada həm müxtəlif istiqamətlər üzrə hazırlıq kursları keçir, həm də publik hüquqi şəxs olduğu üçün ödənişli xidmət göstərir, özü özünü maliyyələşdirir. Ödənişli xidmətlər də Nazirlər Kabinetinin müəyyən etdiyi tariflərlə keçirilir. Yəni DİM özündən qiymət uydurmur. DİM yalnız işə qəbul proseslərinə baxır. Zirzəmidə hazırlıq kursu keçirilmir. Zirzəmidə kurs açmaq nə dərəcədə məntiqlidir?! Şəhərin mərkəzində Təhsil Nazirliyinin üçüncü mərtəbəsində təhsil kursları var. Orada bizə də yer ayrılıb. Kurslar orada keçirilir və bu, qanuni prosesdir. DİM-in nizamnaməsində təsbit olunub, heç kim özbaşına kurs aça bilməz”.

Açıqlamada həmçinin DİM sədrinin şəxsinə yönəlmiş iddialara da münasibət bildirilib: “Burada hazırlıq kursu keçən çox adam var. Onların hazırlaşdırdıqları tələbələr imtahandan kəsiləndə, ortaya belə bir şey çıxır ki, guya imtahandan keçənlərə sualları satılıb. Bu, heç bir halda mümkün deyil. Bazadakı suallara heç kimin, imtahan sədrinin belə çıxışı yoxdur. DİM-in sədrinin də belə suallara çıxışı yoxdur. Naxçıvan şəhərində heç bir binada 200 minə ev satılmır. DİM-in sədri də evini ipoteka krediti ilə alıb”.