Xalqları və ölkələri bir-birindən fərqləndirən cəhətlərdən biri də onun mədəniyyət xəzinəsidir.
Türk dünyasının bir parçası olan Azərbaycanı klassik mədəniyyət baxımından həqiqətən xoşbəxt və zəngin dövlət adlandırmaq olar.
Çünki ölkəmiz dünya mədəniyyətində silinməz iz qoymuş, yaratdıqları möhtəşəm əsərləri ilə qüdrətli söz, müsiqi dühalarına, elm, mədəniyyət və incəsənət ustadlarına malik olub.
Texnoloji inkişafın olmadığı dövrdə onların yaratdıqları ölməz əsərləri oxuyanda, dinləyəndə və ya nəzər salanda heyran qalmaya bilmirsən. Düşünürsən ki, belə dahi şəxsiyyətlər indiki şəraitdə yaşasaydılar, görəsən, nələr yarada bilərdilər? Və indiki mədəniyyət kəsadlığında onların yoxluğuna daha çox təəssüflənirsən.

Əsas məsələ isə ondadır ki, missiyası milləti irəliyə, inkişafa aparmaq olan mədəniyyətimizdə yaranmış indiki acınacaqlı durum barədə müğənnilər və aktyorlar danışmağa başlayıblar. İndi kütləvi informasiya vasitələri müğənni Nura Surinin sosial şəbəkəsində Mədəniyyət Nazirliyindən şikayətini böyük coşğu ilə işıqlandırırlar.
Halbuki, söhbət mədəniyyətimizdə yaranmış durğunluqdan deyil, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərin təşkil edilməsində hansısa şöbə müdiri Mənzər Nurəliyevanın qeyri-qanuni hərəkətlərindən və ya hansısa Bakı şəhər Mədəniyyət İdarəsindəki hansısa Nərminənin “qaz vurub, qazan doldurmaq” xidmətinə vasitəçilik etməsindən gedir.
Mədəniyyətimizin qarşısında isə böyük problemlər var. Hətta adi tamaşaçı belə görür ki, Qarabağda tarixi Zəfər çalmış çox istedadlı bir millət ortaya bütün dünyada yaxşı mənada səs-küy yaradacaq musiqi, ədəbiyyat, film əsərləri qoya bilmir. Çünki mədəniyyət və incəsənət sahəmizdə tükənmişlik sindromu hökm sürür, xalqımızın istedadlı övladlarının yetişdirilməsindəki zəncir incə yerindən qırılıb.
Ən əsası isə odur ki, mədəniyyət və incəsənət sahələrində sayı barmaqla sayıla biləcək qədər qalmış xadimlərimiz bu barədə susmağa üstünlük verirlər.
Yazıçılar Birliyinin sədri Anarın, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun, Kimenatioqrafçılar İttifaqının sədri Rasim Balayevin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akedemiyasının rektoru Fərhad Bədəlbəylinin narahatlığı hiss olunmur.
Onların missiyası ya Şuşada, ya da Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidentləri Leyla və Arzu Əliyevaların, Prezident Administrasiyasının humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, prezidentin köməkçisi Anar Ələkbərovun, mədəniyyət naziri Adil Kərimlinin yanında oturmaqla tamamlanır. Halbuki, məhz sözügedən şəxslər Adil Kərimli və Fərəh Əliyevadan yaranmış vəziyyətə çarənin tapılması, problemlərin aradan qaldırılması naminə tələb etməlidirlər.
Mövcud durumun dəyişdirilməsi ilə bağlı nə səsini ucaldan, nə çıxış yolunu göstərən var. Heç olmasa, hər ilin 18 sentyabrında dahi Üzeyir bəyin məzarını ziyarət edərkən xəcalət çəkib, onun əmanət etdiyi xəzinənin taleyini düşünsünlər. Çünki “həyəcan təbili”nin çalınmasının vaxtı artıq gəlib və keçib.
Xanımlar və cənablar, sonra çox gec olacaq! Lütfən, bizi mədəniyyətimizin canlandırılmasından məhrum etməyin, onun sistemli şəkildə inkişafı, müasir sənətkarlarımızın meydana çıxması, bütün dünyaya səs salacaq yeni ölməz əsərlərin yaranması naminə addımlar atın!
Xatirə SADİQ











