Azərbaycanda 40 ilə yaxın müxtəlif məsul vəzifələrdə çalışan şəxslərin siyahısına Milli Məclisin deputatı Polad Bülbüloğlu rəhbərlik edir.
NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, 1945-ci ildə dahi xanəndə Bülbülün ailəsində doğulan Polad Bülbüloğlu Allah-Təalanın bəxş etdiyi ecazkar səsin sayəsində çox gənc yaşlarında məşhurlaşıb. O, 28 yaşında Əməkdar artist, 37 yaşında Xalq artisti adını almağı bacaran azsaylı sənət adamlarındandır.
Polad Bülbüloğlu 43 yaşında nazir kürsüsündə əyləşib. O, bu vəzifədə sələfi Zakir Bağırovu əvəzləyib. Xalq artistinin nazir işlədiyi dövr 26 dekabr 1988 – 30 yanvar 2006-cı illəri əhatə edir.
Bülbüloğlu 18 il nazir işləyəndən sonra 18 il də diplomat kimi fəaliyyət göstərib. O, 2006-cı ildən 2024-cü ilədək Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
23 sentyabr 2024-cü ildə 124 saylı Şuşa – Ağdam – Xocavənd seçki dairəsindən parlamentin deputatı seçilən Polad Bülbüloğlu hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.
Fotoda: Millət vəkili Polad Bülbüloğlu














