Ölkədə ciddi internet problemi var, bu məktəbləri açın da! – Deputatdan ÇAĞIRIŞbackend

Ölkədə ciddi internet problemi var, bu məktəbləri açın da! – Deputatdan ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ili başladığı gündən bəri ölkədə ənənəvi təhsillə bərabər həftənin müəyyən günlərində distant təhsil də tətbiq olunur. Lakin əksəriyyət bu təhsilin ölkəmiz üçün heç də effektli olmadığını dilə gətirir. Buna səbəb isə bir çox evdə onlayn təhsil üçün vacib olan texniki avadanlıqların çatışmamasıdır.

Xatırladaq ki, bir bu problem müddət əvvəl qardaş Türkiyədə də gündəmə gəlmişdi. Lakin TV 8 kanalının rəhbəri, məşhur jurnalist Acun İlıcalı bir gecədə, hətta bir verilişdə şagirdləri planşet və digər lazımi avadanlıqlarla təmin etmək üçün 7.5 milyon lirə pul topladı. Bizdə isə həm ölkə daxilində, həm xaricdə kifayət qədər biznesmen olsa da, hələlik onların təhsilin inkişafı üçün hər hansı addım atdığının şahidi olmamışıq.

NOCOMMENT yenisabah.az-a xəbər verir ki, sözügedən məsələ ətrafında açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, Azərbaycanda evlərin 80 faizində texniki avadanlıqlar yoxdur:

“Burada söhbət təkcə maddi imkansızlıqdan getmir, həm də şərait yoxdur. Kəndlərin çoxunda insanlar internetdən istifadə edə bilmirlər, ciddi internet problemi də var”.

Azərbaycanlı biznesmenlərin şagirdlərin təhsili üçün heç bir yardım göstərməməyi məsələsinə gəldikdə isə millət vəkili qeyd edib ki, bunun səbəbini həmin şəxslərin özləri izah etməlidir:

“Mənim biznesmen və ya oliqarx olmadığım məlumdur. Yardım etmək vicdan işidir. Bu, bir vətənpərvərlik hissidir. Etmək istəyirlərsə, etsinlər də!” .

Aqil Abbas vurğulayıb ki, Azərbaycanda onlayn təhsil qətiyyən effektli deyil: “Dərs heç sinifdə effektli deyil, qaldı ki, televizor vasitəsilə şagirdə nəsə öyrətsinlər… Amma bildirim ki, hazırda onlayn təhsil vacibdir. Əgər məktəb bağlıdırsa və ya şagirdlər həftədə iki gün dərsə gedirlərsə, bu metod tətbiq olunmalıdır. Amma effektinin olacağını demirəm, çünki əgər effektli olacaqsa, daha məktəbləri bağlayar, hamımız televizor vasitəsilə oxuyaraq universitetə qəbul olarıq da… Onlayn təhsil istədiyimiz effekti heç vaxt verə bilməz”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, deputat olduğu dairədən heç bir valideyn texniki avadanlıqla bağlı ona müraciət etməyib:

“Amma mən bir neçə gün əvvəl Ağcabədinin kəndlərində məktəblərdə idim. Gördüm ki, bütün məktəblərdə kompüter və internet var. Lakin məktəbə gəlməyə uşaqların imkanı yoxdur. Mən olduğum kənddə şagirdlərə yox, bir kitabxanaya və bir məktəbə kompüter söz vermişəm. Lakin yeni kompüter alacağımı demədim. Çünki öz redaksiyamdan iki kompüter aparacam. Mən 4-5 gün ərzində təxminən 100 ailə ilə görüşmüşəm, lakin məndən şagird üçün belə avadanlıq istəyən olmayıb, əgər istəyən olsa, onlar üçün də verərdim. Tək istəkləri məktəblərin açılmasıdır. Nə vaxt tam açılacağını soruşurlar. Ağcabədinin, Ağdamın və yaxud Füzulinin kəndlərində xəstəlik var? Bu məktəbləri açın da! Açın ki, uşaqlar təhsil alsın. Bir çıxış yolu tapılmalıdır”.