Avqust ayında baş verən bir olay Azərbaycanda heyrətlə qarşılandı.
Xalq artisti, 97 yaşlı xoreoqraf-baletmeyster mərhum Roza Cəlilova qızı Yeganə Aslanovanı Səbail Rayonu 9-cu Polis Bölməsinə şikayət edib.
Polisə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia edib. Bu məlumatı isə olaylar.az saytı yaydı. Əslində yaşadığı 97 ildə, sənətdə olduğu 80 ildə onun heç vaxt adı qalmaqalda çəkilməmişdi deyə cəmiyyət ona görə heyrət etdi.
Deməli, Roza xanım bildirib ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarlarını qızından ala bilmir:”Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Bu, çox çətindir, amma dözürəm. Mən harasa gedəndə öz hədiyyələrimi övladlarıma tapşırmışam. Onlara əmanət verirəm, onsuz da əvvəl-axır onların olacaq. Bir də var ki, əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur. Həmişə ana, nənə övladlarına gələcək üçün yadigar saxlayırlar. Bu hadisə olub, insanın acığına gəlir. Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Oğlum hər şeyə dözür. Qızımın xasiyyəti çətindir, sözə baxmır. Onun da xarakteri elədir. Yaxşı olar ki, ailə möhkəm olsun, bir-birini sevsin. Bilmirəm, zinət əşyalarım necə itib. Az şey deyil, 4 ayrı brilyantdır. İndi vəziyyət elə yaranıb ki, ona ehtiyacım var”.
R.Cəlilova qızı ilə bu a görüşdüyünü də qeyd edrək bildirir: “Qızıma polisə ərizə yazacağımı bildirdim, şikayət etdim. Fikirləşdim ki, bu bir az mədəniyyətsizlik kimi çıxır, geri çəkim. Şikayəti geri çəkdim, onda da dedi ki, qızıllar itib. İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Məndə elə xasiyyət var ki, hər şeyə inanıram. Ona əlimlə əmanət etdim, dedim, saxla, övladların var. Qızıllarım qızım Yeganədə çox qaldı, ola bilər ki, kimsə götürüb. Bunları kim oğurlayıbsa, onu tapmalıyam. Çünki oğlumun ehtiyacı var. Balaca şey deyil, kim götürübsə, axtarıb tap. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrimə qalar, danışmazdım”.
Xatırladaq ki, mərhum rəqqasə Roza Cəlilovanın 1955-ci il təvəllüdlü Zahid adlı oğlu və 1963-cü il təvəllüdlü Yeganə adlı bir qızı var.
Əntiqə Rəşid











