Paşa Holdinq-in Ziya Məmmədovdan aldığı hotelin açılışı olacaqbackend

Paşa Holdinq-in Ziya Məmmədovdan aldığı hotelin açılışı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin noyabr ayında Bakıda “The Ritz-Carlton” hotelinin açılışı olacaq.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, “The Ritz-Carlton” beynəlxalq lüks hotellər şəbəkəsidir. Bu şəbəkə dünyanın ən böyük hotel holdinqi olan “Marriott İnternational” şirkətinə bağlıdır. Şəbəkənin baş ofisi ABŞ-nin Merilənd ştatında yerləşir.

“The Ritz-Carlton” hotelinin sahibi “Paşa Holdinq”in törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-dir. Hotelin yerləşdiyi bina əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə məxsus olub. Həmin binada ABŞ-nin sabiq prezidenti Donald Trampa məxsus olan hotellər şəbəkəsinə bağlı olacaq “Trump Tower” hotelinin açılışı nəzərdə tutulmuşdu. Hətta Donald Trampın qızı İvanka Tramp 2014-cü ildə Bakıya gələrək inşaat işləri ilə tanış olmuşdu.

Tramp ABŞ prezidenti seçildikdən sonra Bakıdakı hotel biznesindən imtina etdiyini açıqlamışdı. Bir ildən sonra – 2017-ci ildə Ziya Məmmədov da nəqliyyat naziri vəzifəsindən azad olunmuşdu.

Bu tarixdən sonra bina istifadəsiz qalmışdı. 2018-ci ildə binada güclü yanğın baş vermişdi. Elə həmin il bina “Bakı-XXI əsr” MMC-nin sifarişi əsasında “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda yerləşən “Nort Vest Konstrakşen” MMC tərəfindən təmir (“açar təhvil”) olunub.

Onu da bildirək ki, “Bakı-XXI Əsr” MMC 01.03.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət qeydiyyata alındıqdan 2 ay sonra Nəqliyyat Nazirliyinin sifarişi əsasında Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə başlayıb. Kompleski 2009-cu ildə təhvil verib.

Açılış mərasimində sabiq nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulan kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı-XXI əsr” şirkəti olub.

Dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra nəhəng kompleksin inşasına başlayan “Bakı-XXI Əsr” MMC-nin təsisçisinin kim olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, hazırda AMEA-nın İşlər İdarəsinin müdiri olan sabiq deputat Elton Məmmədov mətbuata verdiyi açıqlmada “Bakı-XXI Əsr” MMC-nin təsisçilərindən biri olduğunu deyib. Hazırda “Bakı-XXI Əsr” MMC-nin qanuni təmsilçisi Səidə Əflatun qızı Baxşıyevadır. Səidə Baxşiyeva daha əvvəl “Paşa Holdinq”ə bağlı olan bir-neçə şirkətin (“Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company”) qanuni təmsilçisi olub.