Paşinyan bu istefa ilə özünə yol açdıbackend

Paşinyan bu istefa ilə özünə yol açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində Armen Sərkisyanın istefası bir qədər təəccüblüdür. Çünki Sərkisyan xarici siyasət və diaspor sahəsində çalışan, eyni zamanda Ermənistanın ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirən siyasətçi idi. Digər tərəfdən, onun İngiltərə, Vatikan və bir sıra ərəb ölkələri ilə yaxşı münasibətləri vardı.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

“Buna baxmayaraq, onun prezident kimi səlahiyyətləri kifayət qədər məhdud idi və dövlət idarəçiliyi, qərarların qəbulu kimi məsələlərdə səlahiyyətlər əsasən Paşinyanın əlində cəmləşdiyi üçün Sərkisyan yetərsiz görünürdü”, – politoloq bildirib.

Onun sözlərinə görə, Paşinyan özünün prezidentliyə yolunu açmaq üçün Sərkisyanı müxtəlif vasitələrlə istefaya məcbur edib:

“2018-ci ildə hakimiyyətə gələn Paşinyanın Serj Sərkisyan zamanında təyinat alan Armen Sərkisyanı da vəzifədən uzaqlaşdıracağı gözlənirdi. Lakin onlar birlikdə dövlətin idarəçilik aparatının yenidən qurulması haqqında razılaşdılar. 44 günlük müharibədə isə Ermənistanın məğlubiyyəti, Paşinyanın uğursuz addımları həm də onun nüfuzunu aşağı salırdı. Fikrimcə, Sərkisyanın istefasında Paşinyanın da rolu var. Paşinyan artıq özü üçün prezidentliyə namizədləri müəyyən edib. Bunlardan ən önəmliləri Ermənistan parlamentinin sədri Alen Simonyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyandır. Prosedura görə, hazırda Simonyan prezident vəzifələrini icra edir. Simonyanla da bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. O, müharibə zamanı Yunanıstanda istirahət etməsi ilə məşhurlaşıb. Paşinyanın ətrafındakı kadrların məhdud olduğunu nəzərə alsaq, Simonyanın prezidentliyə ən uyğun namizəd olduğunu deyə bilərik. Ermənistan Konstitusiyasına görə, prezident seçkiləri ilə bağlı 25 gündən tez və 35 gündən gec olmayaraq fəaliyyət həyata keçirilməlidir. Qarabağ klanının da seçki marafonunda fəallaşması müşahidə oluna bilər. Çünki parlamentdə prezidentin seçilməsi üçün 80 səsə ehtiyac var, hakim partiya isə 79 yerə sahibdir. Seçkinin ikinci mərhələyə qalacağını düşünürəm. İkinci mərhələdə isə yalnız 65 səs Paşinyana öz istədiyi namizədi seçdirməyə kifayət edəcək. Fikrimcə, baş nazir son nəticədə prezident kürsüsündə özünü görür. Bu isə ilkin mərhələdə qarışıq rejimə, sonrakı dövrdə isə super prezident sisteminə keçidlə mümkün ola bilər”.