Pensiyalarla bağlı YENİ XƏBƏR: Ödənişlər…backend

Pensiyalarla bağlı YENİ XƏBƏR: Ödənişlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda pensiya ödənişlərinin vaxtı ilə bağlı qaydaların dəyişdirilməsi təşəbbüsü irəli sürülüb. Hazırkı sistemə görə, Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar ayın ilk yarısında, bölgələrdə isə ayın sonunda verilir. Bu fərqin aradan qaldırılması üçün rəsmi təkliflər hazırlanıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, əsas məqsəd bütün ölkə üzrə pensiyaların eyni vaxtda və ya ən geci iki gün fərqlə ödənilməsini təmin etməkdir. Onun sözlərinə görə, ölkədə pensiya təyinatı və ödənişi prosesi artıq tam elektronlaşıb. Bu texnoloji imkanlar ödənişlərin paytaxt və rayonlar arasında bölünmədən, daha operativ şəkildə həyata keçirilməsinə tam şərait yaradır.

“Təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda pensiyaların eyni vaxtda və ya ən geci 2 gün fərq olmaqla ödənilməsi həyata keçirilsin. Elektron sistemin tətbiq olunması nəticə etibarı ilə pensiyaların daha qısa zamanda ödənilməsinə imkan yaradır. Bu baxımdan pensiya ödənişlərinin eyni vaxtda və ya yaxın günlərdə həyata keçirilməsi real görsənir”.

Bölgələrdə yaşayan pensiyaçıların maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyini vurğulayan Vüqar Bayramov vaxt fərqinin aradan qaldırılmasının vacibliyinə toxunub. O, bir çox vətəndaşın kredit və kommunal borclarının olduğunu xatırladaraq deyib:

“Həmin öhdəliklərin ödənilməsi bəzi hallarda ayın birinci yarısına təsadüf edir. Kommunal və digər öhdəlikləri nəzərə alsaq, bu ödənişlərin paytaxt və iri şəhərlərdə olduğu kimi digər rayonlarda da daha tez ödənilməsi və ödənən günlər arasındakı fərqin minimum olması daha məqsədəuyğun olardı”.

Beynəlxalq təcrübəyə də toxunan deputat əksər ölkələrdə şəhər və rayonlar üzrə ödəniş qrafikində belə kəskin fərqlərin olmadığını diqqətə çatdırıb.(unikal)