Politoloq: Rəsmi Bakının Fransanın şübhəli vasitəçiliyinə ehtiyacı yoxdurbackend

Politoloq: Rəsmi Bakının Fransanın şübhəli vasitəçiliyinə ehtiyacı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən Fransa heç bir halda rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilməz”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Makronun nitqinin kobudluq səviyyəsi sadəcə heyrətamizdir. Bu insanı hətta Fransada da çoxları tənqid edir. O, bir çox məsələlərdə səriştəsizdir, lakin regionumuzla bağlı məsələdə belə açıq-aşkar səriştəsizlik sadəcə heyrətamizdir, çünki Fransa vasitəçilik roluna iddia edir. Əgər Makron özünə zəhmət verib bu sözün mənasına baxmaq istəsə, görər ki, vasitəçi münaqişə tərəflərindən neytral və bərabər məsafəli mövqe tutmalı və vəziyyətə son dərəcə ehtiyatlı və düzgün münasibət bildirməlidir”, – deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Parisin guya “xüsusi münasibəti” olduğu Ermənistanı dəstəkləməsi barədə bəyanatı və rəsmi İrəvanı heç vaxt tərk etməyəcəyinə dair verdiyi vəd vasitəçilik missiyasına qətiyyən uyğun gəlmir.

“Xoşbəxtlikdən, Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətini dayandırıb. Biz artıq Parisin şübhəli xidmətlərinə ehtiyac duymuruq”, – deyə politoloq vurğulayıb.

Digər tərəfdən, politoloq hesab edir ki, Azərbaycana qarşı açıq-aşkar aqressiv hücumlar göstərir ki, Fransa açıq şəkildə Ermənistanın tərəfində regiona soxulmağa və öz şərtlərini diktə etməyə çalışır: “Bu, tamamilə qəbuledilməz bir vəziyyətdir və Azərbaycan, şübhəsiz ki, bunu diqqətdən kənar qoymayacaq. Belə davam edərsə, Azərbaycan ümumiyyətlə Fransanın təmsil olunduğu hər hansı formatda iştirak etməkdən imtina edəcək. Belə münasibət və bu cür yanaşmalarla Fransanın iştirakı ilə danışıqlar aparmağın mənası yoxdur”.

Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.