Qanunda var, praktikada yox: 5 misli müavinət NİYƏ ÖDƏNİLMİR?backend

Qanunda var, praktikada yox: 5 misli müavinət NİYƏ ÖDƏNİLMİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial müdafiəsi dövlətin prioritet istiqamətlərindən biri kimi qanunvericilikdə aydın şəkildə təsbit edilsə də, praktiki icra mərhələsində ciddi problemlər mövcuddur.

Xüsusilə bu kateqoriyadan olan şəxslərin ilk dəfə əmək fəaliyyətinə başladıqda əməkhaqqının beş misli məbləğində birdəfəlik müavinətlə təmin olunması ilə bağlı norma illərdir mövcud olsa da, bir çox hallarda həmin vəsait ya ümumiyyətlə ödənilmir, ya da müxtəlif bəhanələrlə proses uzadılır.

NOCOMMENT.az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial təminatı bir neçə normativ hüquqi aktla tənzimlənir.

“Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda açıq şəkildə göstərilir ki, bu şəxslər yetkinlik yaşına çatdıqdan sonra əmək fəaliyyətinə başladıqda dövlət tərəfindən əlavə sosial təminat tədbirləri ilə əhatə olunmalıdır. Həmin qanuna və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə rəsmi işə qəbul olunduqda onlara təyin edilən aylıq əməkhaqqının beş misli həcmində birdəfəlik müavinət ödənilməlidir. Bu müavinətin məqsədi onların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq, müstəqil həyata adaptasiyasını təmin etmək və sosial riskləri minimuma endirməkdir.

Lakin real vəziyyət göstərir ki, bu norma kağız üzərində qalır. Valideyn himayəsindən məhrum olmuş bir çox gənc ilk dəfə işə qəbul olarkən bu hüquqdan xəbərsiz olur, xəbərdar olanlar isə müraciət etdikdə müxtəlif dövlət qurumları arasında məsuliyyətin bir-birinin üzərinə atılması ilə üzləşirlər. Bəzi hallarda işəgötürənlər bu müavinəti ödəməli olmadıqlarını bildirir, sosial müdafiə qurumları isə vəsaitin ayrılması mexanizminin “aydın olmadığını” əsas gətirirlər. Nəticədə qanun var, qayda var, amma icra yoxdur.

Natiq Ələsgərov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərovun sözlərinə görə, burada əsas problem icra mexanizminin zəifliyidir.

Hüquqşünas bildirir ki, birdəfəlik müavinətin ödənilməsi birbaşa işəgötürənin üzərinə düşən öhdəlik deyil, bu vəsait dövlət büdcəsi hesabına təmin edilməlidir:

“Əmək müqaviləsi bağlandıqdan sonra valideyn himayəsindən məhrum olmuş şəxs müvafiq sosial müdafiə orqanına müraciət etməli, statusunu təsdiq edən sənədləri və əmək müqaviləsini təqdim etməlidir. Qanunvericilikdə bu ödəniş üçün əlavə şərtlər nəzərdə tutulmayıb və müraciət əsasında müavinət təyin edilməlidir. Əgər dövlət orqanı bu ödənişi əsassız olaraq həyata keçirmirsə, həmin şəxs inzibati qaydada yuxarı instansiyaya, nəticə əldə olunmadığı halda isə məhkəməyə müraciət etmək hüququna malikdir”.

Məhkəmə təcrübəsində bu cür işlər üzrə iddiaçının xeyrinə qərarların çıxarıldığını da qeyd edən mütəxəssis bildirir ki, problem hüquqi boşluqda deyil, məsuliyyətin icrasında və nəzarət mexanizmlərinin zəifliyindədir.

Hüquqşünas qeyd edib ki, məsələnin sosial tərəfi isə daha ağrılıdır.

“Valideyn himayəsindən məhrum olmuş şəxslər onsuz da cəmiyyətin ən həssas təbəqələrindən biridir. Onların ailə dəstəyi olmadan həyata atılması, ilk iş yerlərində maddi çətinliklərlə üzləşməsi və qanunla nəzərdə tutulmuş dəstəkdən məhrum qalması sosial ədalət prinsipinə ziddir. Bu müavinət təkcə maddi yardım deyil, həm də dövlətin bu kateqoriyadan olan vətəndaşlara verdiyi təminatın simvoludur”.

“Uzun illər sonra bu hüququndan xəbərdar olan şəxs həmən pulu tələb edə bilər. Amma qanunda müəyyən müddət keçmişi var. Ona görə də Sosial Xidmətlər Agentliyi tərəfində bu pul ödənilə bilinmir. Yeganə yol məhkəməyə müraciət etməkdir — məhkəmə həm keçmişdəki hüququnu, həm də valideyn himayəsindən məhrum olmasını nəzərə ala bilər”, – hüquqşünas sonda vurğulayıb.