“Paşinyan Qarabağa səfər planından xəbər tutaraq müəyyən qabaqlayıcı addımlar atır”.
NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan “Ermənistan” fraksiyasının bir sıra deputatı qanunsuz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Laçın şəhəri və Zabuxda olub, köçməyə hazırlaşan sakinlərlə söhbət aparıblar. Fraksiya üzvlərinin Xankəndiyə səfəri də gözlənilir.
Mövzunun maraqlı tərəfi budur ki, bundan təxminən 2 həftə öncə Ermənistanın “İrs” partiyasının sədri, sabiq XİN rəhbəri Raffi Ovannisyan Qarabağa qanunsuz səfər etmək istəsə də, onu Laçın dəhlizindən geri qaytarmışdılar.
Müxalifət üzvlərinin Qarabağa qanunsuz getmələrinə icazə verən Ermənistanın Baş naziri niyə bəzi siyasilərin bölgəyə gediş-gəlişinə qadağa qoyub? Yoxsa bu, Paşinyanın artıq müxalifəti, əsasən də, radikal qruplaşmaları öz hakimiyyətinə təhdid görmədiyi üçün ortaya atılan bir addımdır? Paşinyanın “qara siyahı”sında daha kimlər var?
Siyasi şərhçi İlqar Vəlizadə, öz növbəsində, bildirib ki, buradakı məntiq ondan ibarətdir ki, Qarabağa buraxılmayan insanlar hansısa daxili siyasi məqsədlər çərçivəsində Paşinyanın siyasətinə zidd olan addımlar atıblar:
“Onlar “Qarabağ kartı”ndan istifadə edərək bu məsələni daxili siyasi müstəvisinə köçürmək üçün istifadə edirlər. Ona görə də bu, Qarabağa qanunsuz səfərlər Paşinyanı “vurmaq” üçün həyata keçirilir. Amma Ermənistan Baş naziri səfərlərin planından xəbər tutaraq müəyyən qabaqlayıcı addımlar atır.
“Ermənistan” blokunun Qarabağa səfər etməsi, çox güman ki, onun cari siyasətinə təsir göstərmir. Paşinyan artıq müxalifəti ciddiyə almır”.
Siyasi şərhçi deyib ki, radikal müxalifətin mövcudluğu Paşinyanın əlində bir “kozır”dır: “Çünki onların çoxu nəinki anti-Paşinyan, hətta bəzi hallarda anti-Rusiya qüvvələridir. Çox maraqlıdır ki, Ermənistanın Baş naziri onların mövcudluğundan istifadə edir və moderatorlara, xüsusilə də Rusiyaya demək istəyir ki, baxın, ölkədə belə qüvvələr var və onların fəallığı son nəticədə razılaşmaların pozulmasına gətirib çıxaracaq”.
“Bəs niyə Rusiya sülhməramlıları onları Qarabağa buraxırlar? Onlar kənardan alınan tapşırıqlarla uyğun addımları atırlar. Yəni sülhməramlılar artıq siyasi yox, texniki rol oynayırlar. Onlara deyirlər, Raffi Ovannisyanı buraxma, buraxmırlar…”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.