Qarakənd faciəsindən 32 il ötürbackend

Qarakənd faciəsindən 32 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

NOCOMMENT.az xatırladır ki, Qarakənd faciəsindən 32 il ötür.

1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – deputat

Vəli Hüseyn oğlu Məmmədov – deputat

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

Artıq ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi də 32 ildən sonra düşmən tapdağından azad edilib.

Faciədən 32 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.