“Qəhrəman ana” statusu bərpa edilə bilər – AÇIQLAMAbackend

“Qəhrəman ana” statusu bərpa edilə bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 10-15 il əvvəl ölkəmizdə çoxuşaqlı ailələrə daha çox rəst gəlinirdi. Ancaq illər ötdükcə, ölkədə sosial və iqtisadi çətinliklər yarandıqca, çoxuşaqlı ailələr barmaqla sayılacaq qədər azaldı. Bu məsələdə ailələri qınayanlar olsa da, dəstəkləyənlər də az deyil. Çünki onlar da anlayırlar ki, hazırkı dövrdə çoxuşaqlı ailənin xərcləri fantastik həddə gəlib çatır. Ancaq bu sayın azalması da ölkə üçün müsbət bir statistikaya gətirib çıxarmır.

Ailələrdə uşaqların sayının artması üçün müxtəlif cür stimullaşdırıcı tədbirlər görülə bilər. Valideynlər övladlarının gələcəyi ilə bağlı hər hansı təminat istəyir. Bir sıra mütəxəssis “uşaq pulu”nun bərpasına ehtiyacın olduğunu bildirir.

Əvvəllər ailələrdə uşaqların sayının çoxaldılması tendensiyasını yaratmaq üçün çoxuşaqlı anaya “Qəhrəman ana” statusu verilirdi.

Maraqlıdır, bu statusun bərpası mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.aza danışan Milli Məclisin deputatı Siyavuş Novruzov dedi ki, bu hal gələcək illərdə bəlkə də mümkün ola bilər:

“Keçmişdə ailələrdə 7,8 və daha çox uşaq olurdu. İndi isə təbii ki, iki uşaqdan artıq olmur. Düzdür, gərək o ailələrin təminatı da nəzərdə tutulsun. Çünki o uşaqların təhsili var, gələcəkdə fəaliyyəti var. Amma mən hesab etmirəm ki, beşuşaqlı anaya “Qəhrəman ana” statusu verilsin. Heç olmasa səkkiz nəzərdə tutulmalıdır. Yəni beşuşaqlı ailəyə müəyyən kompensasiyalar verilə bilər, amma “Qəhrəman ana” statusu yox”.

Millət vəkili Fəzail Ağamalı da həmkarı kimi düşünür:

“Status üçün uşaqların sayı endirilə bilməz, gərək qəhrəman ana ola ki, “Qəhrəman ana” satatusu da verilə. Yenidən bu statusun təsis olunması yaxşı fikirdir. Şərtləri, simvolu, ayrılacaq vəsait təyin olunandan sonra stimullaşdırıcı tədbir kimi təsis oluna bilər. Yadımdadır ki, 7 uşaqdan çox uşaq dünyaya gətirən qadınlara “Qəhrəman ana” statusu verilirdi. Bizim kəndimizdə də bu statusu alan bir neçə qadın var idi. Uşaq sayını endirməmək şərtilə bu adı yenidən təsis edib, anaların çox uşaq dünyaya gətirməsinə əsas yarada bilərik”.

Qeyd edək ki, Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub.

Ötən əsrin 70-80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10-12, hətta 15 uşaq dünyaya gətirirdilər. Belə çoxuşaqlı analara “Qəhrəman ana” statusu verilirdi.