Yaxın Şərqdə gərginliyin azalması və ABŞ-İran diplomatik təmaslarının bərpası ehtimalı qlobal bazarlarda qızılın qiymətinə ciddi təsir göstərib. Aprelin 13-dən bəri ən aşağı həddə geriləyən qiymətli metal hazırda bir troya unsiyası üçün 4800 dollar ətrafında stabilləşib. Maraqlıdır ki, “Goldman Sachs” və “Citigroup” kimi nüfuzlu bankların 5000-5400 dollarlıq artım proqnozlarına rəğmən, qızıl mart ayından bəri son 18 ilin ən zəif dinamikasını nümayiş etdirir. Münaqişənin başladığı dövrlə müqayisədə aktivlərin 8 faiz ucuzlaşması investorların “təhlükəsiz liman” axtarışından riskli aktivlərə yönəldiyini göstərir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, qızılın qiymətindəki bu geriləmə birbaşa geosiyasi gözləntilərin dəyişməsi ilə bağlıdır: “Bazarlar həmişə qeyri-müəyyənliyi sevmir. ABŞ və İran nümayəndələrinin sülh masasına əyləşəcəyi xəbəri investorlarda müharibə riskinin azaldığına dair inam yaradıb. Qızıl adətən böhran və müharibə dövrlərində bahalaşır, sülh və sabitlik ehtimalı yarandıqda isə onun qiymətinin aşağı düşməsi iqtisadi qanunauyğunluqdur”.
Onun sözlərinə görə, beynəlxalq bankların yüksək qiymət proqnozlarının reallaşmaması siyasi proseslərin iqtisadi proqnozları üstələməsindən qaynaqlanır: “Böyük investisiya bankları proqnoz verərkən gərginliyin davam edəcəyini əsas götürürdülər. Lakin diplomatik kanalların işə düşməsi qızılı spekulyativ alət olmaqdan çıxarır. Hazırkı 4800 dollarlıq səviyyə göstərir ki, dünya iqtisadiyyatı artıq hərbi eskalasiyanı deyil, real iqtisadi canlanmanı qiymətləndirməyə başlayıb”.
Əkrəm Həsənovun sözlərinə görə, mart ayındakı antirekord göstəricilər qızılın uzunmüddətli korreksiya dövrünə girdiyinə işarə edir: “2008-ci ildəki qlobal maliyyə böhranından sonra ilk dəfədir ki, qızıl aylıq müstəvidə bu qədər böyük itki ilə üzləşir. Bu o deməkdir ki, mərkəzi banklar və iri fondu sahibləri artıq qızıldan çıxaraq daha gəlirli sahələrə vəsait yönəldirlər. Əgər sülh danışıqlarında konkret nəticələr əldə olunarsa, biz qiymətlərin bir qədər də aşağı düşəcəyini müşahidə edə bilərik”.
Tunar,
NOCOMMENT.az










