Qubadlının ən strateji kəndi bərpa olunurbackend

Qubadlının ən strateji kəndi bərpa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubadlının Seytas kəndi öz əvvəlki yerində bərpa olunacaq. Əvvəlcə istədilər ki, bizim kənd də daxil olmaqla 8 yaşayış məntəqəsinin sakinlərini bir yerə yığıb rayonun yanında bir qəsəbədə məskunlaşdırsınlar. Kənd sakinləri olaraq buna razı olmadıq.

NOCOMMENT.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında kənd sakini, Əməkdar Mədəniyyət İşçisi, xalçaçı rəssam Fazil Abasquluzadə deyib.

Xalçaçı rəssam bildirib ki, kəndin başqa yerdə salınmasına ilk olaraq o qarşı çıxıb və aidiyyatı qurumlara müraciət edib:

“İlk olaraq buna mən etiraz elədim. Sonra kənd sakinləri mənə qoşuldular. Kənd sakinlərinə həyətyanı sahələr də veriləcək. İcra başçısı dedi ki, kəndin işığını özüm çəkdirəcəyəm. Dayımın nəvəsi böyük iş adamıdır, Seytas kəndinə gedən yolun çəkilişini isə o, öz üzərinə götürüb. Bu işlərlə bağlı iyunun 17-20-i aralığı kənddə olacağam. Kəndimizin xarabalıqlarının eskizlərini də hazırlamağı düşünürəm. Cənab prezidentlə Qubadlıdakı görüşümüzdən sonra doğma yurduma ayaq basmamışam”.

Fazil Abasquluzadə bildirib ki, Seytas kəndi təkcə Qubadlının deyil, cənub-qərb bölgəmizin ən strateji bölgəsidir:

“Şurnux kəndi ilə bizim kəndin məsafəsi cəmi 1,5 kilometrdir. Dedim necə olur ki, Ermənistanın ən ucqar kəndi olan Şurnuxda ilboyu ermənilər yaşayır, biz doğma Seytas kəndimizdə yaşamamalıyıq?! Şurnux da qədim Azərbaycan kəndidir, erməniləri oraya 1988-ci ildə köçürdülər. Kəndimizin əvvəlki yerindəki bərpası ilə bağlı bir xeyli iş görmüşəm. Aidiyyatı qurumlara müraciətlər ünvanlamışam. Ona görə də məni kəndimizin ağsaqqalı seçiblər. Əvvəlcə kəndimizi başqa yerdə bərpa etmək istəyirdilər. Kəndimizin yenidən qurulmasını gələcəyə saxlayırdılar. Seytas kəndi Qubadlının ən strateji yeridir. Kəndin bütün sakinlərini, nəsilləri bir yerə topladım. Vaxtilə 22 ev olan kəndimizdən hazırda 1480 nəfər adam yaşayır. Həmin adamların hamısını bir yerə toplayıb prezidentə məktub yazdıq. Qurumlara müraciətlər ünvanladıq. Bizə müsbət cavab gəldi”.

Qeyd edək ki, Seytas kəndi 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub.