“Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz”backend

“Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə saat 00:00-da İsveçdə keçiriləcək.

Bəs İsveç təmsilçisinin zəif nöqtələrini hədəf almaq üçün “Qarabağ” hansı strategiyadan istifadə edə bilər? Həmçinin “Qarabağ”ın bu oyundan qələbə ilə ayrılması Azərbaycanın UEFA reytinqində irəliləməsinə necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, bu barədə idman jurnalisti Natiq Muxtarlı Redaktor.az-a açıqlamasında bildirdi ki, “Elfsborq”la oyun “Qarabağ” üçün “davam və ya tamam” anlamındadır. Ona görə də bu oyunu, bəlkə də, “mövsümün qarşılaşması” hesab etmək olar:

““Qarabağ” qələbə qazansa, qrupdan çıxmaq şansını saxlayacaq, əks təqdirdə isə qalan iki oyunda nəyəsə ümid etməyə dəyməz. Şərtlər “Qarabağ”ın lehinə deyil. Heyətdə ciddi itki var. İki əsas müdafiəçi – Medina və Bəhlul Mustafazadə yoxdur. Qarşılaşma Bakı vaxtı ilə az qala gecə yarısı, süni örtüklü meydanda keçiriləcək. Bütün bu amillər oyunun taleyinə ciddi təsir edə bilər. Amma “Qarabağ”ın əsas problemi bu deyil”.

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı – Onlar gəliblər

Ekspertin sözlərinə görə, bu mövsüm “Qarabağ”ı xallardan edən ən böyük problem yaradılan imkanlardan yararlana bilməmək “xəstəliyidir”:

“Qurban Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz. Komanda topa nəzarət edə, yaxşı oynaya, meydanda rəqibdən üstün ola bilər. Amma qol vurmasan, mütləq məğlub olacaqsan. Ona görə də “Qarabağ”ın hücum xəttindən mütləq maksimum soyuqqanlılıq və dəqiqlik tələb olunur”.

N.Muxtarlı qeyd etdi ki, heç şübhə olmasın, “Elfsborq” oyunu müdafiədən quracaq, topa nəzarət “Qarabağ”da olacaq:

““Köhlən atlar” qol imkanları yaradacaqlar. Bundan istifadə edilsə, qələbə şansı da yüksək olacaq. Xüsusən də “Qarabağ”ın vuracağı erkən qol oyunun taleyinə ciddi ölçüdə təsir edə bilər. Erkən qol vurulsa, qapalı oyuna üstünlük verəcəyi ehtimal olunan “Elfsborq” açılmağa başlayacaq. Belədə “Qarabağ” üçün boş zonalar yaranacaq. Texnikalı “Qarabağ”lılara da məhz bu lazımdır. Onlara geniş ərazi veriləndə, özlərini suda balıq kimi hiss edirlər. Ümid edək ki, “Qarabağ”ın əsas “xəstəliyi” artıq “müalicə” edilib. Edilibsə, İsveçdə qələbə olacaq”.

Qeyd edək ki, oyun “CBC Sport” kanalında canlı yayımlanacaq.