“Ramiz Mehdiyevə də 15 sutka verilməlidir”backend

“Ramiz Mehdiyevə də 15 sutka verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən hər kəs müğənnidən ofisanta, millət vəkilindən sabiq nazirinə qədər ən müxtəlif peşə sahibləri inzibati cəzaya layiq görüldü. Hətta toy sahibi və onun qudası 15 gün azadlıqdan məhrum olundu. Təkcə Ramiz Mehdiyevə toxunan olmadı. Bu, Cənab Prezidentin hüquq mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu qanunun aliliyi prinsipinə ziddir”.

NOCOMMENT.az xəbər verir ki, fəlsəfə üzrə elmlər doktoru Adəm İsmayılov açıqlamasında belə deyib.

Onun fikrincə, vətəndaşları bərabərhüquqlu olmayan, bəzi insanlara imtiyazlar verilən cəmiyyətlərdə qanunun aliliyindən danışmaq olmaz:

“Qanunun aliliyi o zaman bərqərar olar ki, çobanla akademikə eyni gözlə baxıla, keçi keçi ayağından, qoyun qoyun ayağından asıla. Ramiz Mehdiyevin nəvəsinin toy skandalında ortaya çıxanlar isə Azərbaycanda hələ də kimlərəsə imtiyazlı şəxs kimi yanaşıldığını göstərir. Söhbət təkcə sıravi vətəndaşlara toy, yas mərasimlərinin qadağan olunduğu bir zamanda Ramiz Mehdiyevlərin, Radi Rəcəblilərin öz övladlarına toy etməsindən getmir. Söhbət həm də ondan gedir ki, eyni toyda iştirak edən adamlardan birinə cəza verildiyi halda, digərinin “ağsaqqallığına” keçilir. Halbuki özünü “ağsaqqal” kimi aparan şəxslər qeyri-qanuni fəaliyyətlərə mane olmadıqlarına görə digərindən daha çox cəza almalıdırlar. Çünki onlar başqalarından fərqli olaraq, yol verilən xətanın əsl mahiyyətini anlayır, bunun qanunlara, ictimai dəyərlərə, Prezidentin yürütdüyü siyasətə, ÜST kimi beynəlxalq qurumların protokollarına zidd olduğunu başa düşürlər. Xüsusilə də əgər o, ömrünün 25 ilini Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmaqla keçirən biridirsə”.

Adəm İsmayılovun qənaətincə, karantin qaydalarına zidd şəkildə keçirilən məlum toy məclisinin əsas təşkilatçısı kimi Ramiz Mehdiyevin kürəkəni həbs olunsa da, şahid ifadələri tamamilə başqa mətləblərdən xəbər verir: “Millət vəkili Siyavuş Novruzov dünən yazdığı statusda bildirib ki, onun toyda iştirak etməsinin səbəbkarı Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev deputatı aldadaraq, toy məclisinin keçirilməsi üçün Prezidentdən icazə aldığını deyib və onu ziyafətə çağırıb. Bu etiraf toy məclisinin əslində kürəkən tərəfindən yox, qaynata tərəfindən təşkil olunduğunu göstərir. 82 yaşlı “ağsaqqal” bu təşkilati iş üçün hətta yalan danışmaqdan belə utanmayıb”.

Toy iştirakçılarının kimliyinin də Siyavuş Novruzovun fikirlərini təsdiqlədiyini deyən həmsöhbətimiz xatırladıb ki, həmin məclisdə sabiq Rabitə və Yüksək Texologiyalar naziri Əli Abbasov, BDU-nun sabiq rektoru Abel Məhərrəmov kimi köhnə hakimiyyət komandasının üzvləri iştirak ediblər: “Onların kürəkənlə nə əlaqəsi var? Hamıya bəllidir ki, sabiqlərin rəhbəri Ramiz Mehdiyev olub. Onlar həmin ziyafətə Ramiz Mehdiyevin gözünə girmək üçün gəliblər. Bu mənada həmin toyu həm də sabiqlərin biət mərasimi kimi qəbul etmək olar. Niyə bu biətə ehtiyac duyulub; bunu müəyyənləşdirməyi hüquq mühafizə orqanlarının ixtiyarına buraxıram. Məni maraqlandıran isə odur ki, toyun formal təşkilatçısına 15 sutka həbs cəzası verilir, əsl təşkilatçı isə heç məhkəməyə də çağırılmır”.

Adəm İsmayılov müxtəlif şəxslərə bu ikili yanaşmanın, ola bilsin ki, Ramiz Mehdiyevin “ağsaqqallığına” hörmətdən qaynaqlandığını düşünsə də, bu mental dəyərin hüquqi əsasının olmadığına inanır: “Qanun “ağsaqqal”, “qarabirçək” tanımamalıdır. Qanun qarşısında hər kəs bir olmalı, Femidanın kəskin qılıncı hamının boynuna eyni qaydada enməlidir. O başqa məsələdir ki, müttəhimlərin yaşı, səhhəti, cəmiyyətdəki mövqeyi yüngülləşdirici hal kimi sayıla bilər, amma bu, yenə məhkəmə qarşısında olmalı, rəsmən elan edilməlidir.

Məsələn, hakim Ramiz Mehdiyevə də kürəkəni kimi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, 15 sutka cəza oxuya, sonra isə yaşı və səhhəti nəzərə alınmaqla cəzasını ev rejimində çəkməsinə qərar verilə bilərdi. Hüquq-məhkəmə sisteminin qaynata ilə kürəkənə ikili standart yanaşması isə fərqli mənzərə ortaya çıxarır. Belə aydın olur ki, bu məmləkətdə Ramiz Mehdiyev hər şey edə, istəsə qanunları tapdalaya, sabiqləri ətrafına toplayıb onlardan biət ala bilər, amma başqaları hətta atalarının yasını belə keçirə bilməzlər. Azərbaycanın məhkəmə-hüquq sistemi özü barədə formalaşan bu mənfi qənaətləri alt-üst etməyə çalışmalı, ölkədə heç kimin imtiyazlı şəxs olmadığını, hətta Ramiz Mehdiyev kimi özünü qanunların fövqündə görən “saqqalı ağları” da bağışlamadığını sübut etməlidir. Bunun yolu isə “boz kardinal”ın məsuliyyətə cəlb olunmasından keçir”.
Ovqat.com