Paşinyan Hikmət Hacıyevin Qriqoryanla görüşündən danışdı

Paşinyan Hikmət Hacıyevin Qriqoryanla görüşündən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında keçirilən görüşü sülh prosesi baxımından mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu təmaslar danışıqların kəsilməməsi və prosesin öz məcrasında davam etməsi üçün zəruridir.

NOCOMMENT.az Ermənistan mediasına istinadən xəbər verir ki, parlamentdə çıxışı zamanı Paşinyan görüşün əsas məqsədinin sülh gündəliyini qoruyub saxlamaq olduğunu vurğulayıb:

"Bizim üçün seçkilərdən dərhal sonra sülh prosesinin dinamikasını itirməmək çox vacib idi. İstəyirik ki, sülh prosesi öz normal dinamikasına qayıtsın və intensivləşsin".

Baş nazir həmçinin görüşün formatı və keçirildiyi yerlə bağlı diqqətçəkən məqamlara toxunub. O qeyd edib ki, bu formatda görüş ilk dəfə məhz Ermənistan ərazisində baş tutub. Paşinyan gələcək danışıqlar barədə isə aşağıdakı fikri bildirib: "Güman edilir ki, növbəti görüş Azərbaycan ərazisində keçiriləcək".