Rezidenturaya müsabiqənin nəticələri açıqlandıbackend

Rezidenturaya müsabiqənin nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT-ə bildirilib ki, müsabiqədə iştirak etmiş 8 namizəddən 7-si təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Rezidenturaya qəbul olmuş şəxslər DİM-in elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədləri oktyabrın 15-i saat 14:00-dan 16:00‑dək Səhiyyə Nazirliyinə (Ünvan: Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1A) təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
  • Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
  • Xarici ölkələrdə ali təhsil almış şəxslər – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
  • Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.