Rusiya Azərbaycana mane ola BİLMƏZ…backend

Rusiya Azərbaycana mane ola BİLMƏZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici İşlər nazirinin müavini Mixail Qaluzin aprelin 27-də ayrı-ayrılıqda Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb. Nazir müavininin səfirlərlə müzakirə etdiyi mövzular içərisində Laçın-Gorus yolundakı vəziyyət də olub. Aydındır ki, bu görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun təlimatıyla reallaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

O bildirib ki, Ermənistanın hakimiyyət mənsubları Qarabağa aid bütün məsələlərə görə Rusiyanın məsuliyyət daşıdığını deyirlər: “Baş nazir Nikol Paşinyan və onun komandası Kremlin Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsinin qarşısını alması gərəkliyini iddia edirlər. İrəvan bunu Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsi məntiqi ilə əlaqələndirir. Kreml Azərbaycanla qarşıdurmada maraqlı deyil və sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane olmaq istəmir. Bu, İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaradıb”.

“Buna baxmayaraq, Moskva fəallıq görüntüsü yaratmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 23-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq “Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur” cümləsini işlətmişdi. Biz Lavrovun sözlərinin əksinə olaraq göstərdik ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və buna kimsə mane ola bilməz. Lavrov məlum açıqlamasına görə ermənilər qarşısında pis vəziyyətdə qalmasın deyə, müavininə səfirlərlə görüş keçirməyi tapşırıb. Diplomatlar fikir mübadiləsi aparıblar və dağılışıblar. Bundan başqa, Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etmək istəyir. Bu görüş mövcud durumu dəyişə bilməyəcək. Ermənilər və onların arxasındakı güclər sərhəd-keçid məntəqəsinə alışacaqlar”, – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vağarşak Harutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüş zamanı Laçın yolunda və Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Bundan əlavə, üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.