Rusiya ilə gizli məsləhətləşən ABŞ ordu rəhbərlərini Kiyevə göndərdi – Nə baş verir?backend

Rusiya ilə gizli məsləhətləşən ABŞ ordu rəhbərlərini Kiyevə göndərdi – Nə baş verir?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin gizli şəkildə Rusiya ilə məsləhətləşərək Ukraynadakı müharibəni bitirmək üçün 28 bəndlik plan hazırlamağa çalışdığı məlum olub.

Ağ Ev bu addımı ABŞ prezidenti Donald Trampın Qəzza planının uğurundan (onun 20 bəndi var idi) ruhlandığı və Ukrayna ilə bağlı plan hazırlamağa başladığı kimi izah edib.

“Axios nəşrinin məlumatında görə, planı dörd əsas kateqoriyaya bölmək olar: Ukraynada sülh, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri. Yeri gəlmişkən Ukrayna əraziləri ilə bağlı planda nələrin yer alacağı hələ də bəlli deyil.

Planın hazırlanmasına Trampın Ukraynada çox da sevilməyən xüsusi elçisi Stiv Uitkoffun rəhbərlik etməsi gələn xəbərlər arasındadır. Sən demə, Uitkoff bu planı oktyabrın 24-dən 26-dək kimi Mayamidə olan Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə, bu həftənin əvvəlində isə Mayamidə keçirilən görüşdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə müzakirə edib.

“Axios”a müsahibəsində Dmitriev nikbin olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki cəhdlərdən fərqli olaraq, “Rusiyanın mövqeyi həqiqətən də eşidilib” və söhbət daha geniş məsələdən “nəhayət, Avropada uzunmüddətli təhlükəsizliyin necə təmin ediləcəyindən” gedir.

Nəşr yazır ki, Ukrayna və onun avropalı müttəfiqlərinin bu plana necə reaksiya verəcəyi hələ də bəlli deyil. Adının çəkilməsini istəməyən amerikalı məmur deyib ki, Ağ Ev ukraynalılar və avropalıların dəstəyini qazanmaq üçün real şansın olduğuna inanır, çünki plan müxtəlif tərəflərin rəyi əsasında hazırlanacaq, “lakin hər iki tərəf praktik və real olmalıdır”.

Bu arada isə məlum olub ki, planı hazırlayan Uitkoff Türkiyəyə səfərini təxirə salıb (Axios). Trampın elçisi Türkiyəyə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski ilə orada görüşməli idi.

Zelenskini Türkiyə səfərində müşayiət edən Prezident Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, bütün planlaşdırılan görüşlər plana uyğun və iş şəraitində keçirilir. “Mən Donald Tramp administrasiyasının nümayəndələri ilə, xüsusən də Prezidentin xüsusi elçisi Stiv Uitkoffla daimi əlaqə saxlayıram. Amerikalı tərəfdaşlarımızla birlikdə biz Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymağa, ədalətli və davamlı sülhə nail olmağa çalışırıq”, – deyə Yermak vurğulayıb.

“Politico” isə xəbər verib ki, bu gün Pentaqonun yüksək vəzifəli məmurları Kiyevə gəliblər. ABŞ ordusunun naziri Den Driskoll və Qərargah rəisi general Rendi Corc Ukraynanın hərbi rəhbərliyi, qanunvericiləri və prezident Zelenski ilə görüşməlidirlər.

Səfərin əsas məqsədi Rusiya ilə sülh prosesini Ukrayna rəhbərliyi ilə müzakirə etməkdir. ABŞ və Ukrayna həmçinin dron və avtonom sursat texnologiyasının mübadiləsi üçün böyük saziş üzərində işləyirlər və bu səfər qismən bu səyləri gücləndirmək məqsədilə həyata keçirilir.

“The Wall Street Journal” təsdiqləyib ki, Driskoll sonra rusiyalılarla görüşəcək. Qəzetin yazdığına görə, Driskol vitse-prezident Cey Di Vensin Yel Hüquq Məktəbində qrup yoldaşı olub. Onu əvvəlcə Ukraynaya, sonra isə Rusiyaya göndərmək ideyası Trampla Vens arasındakı söhbətdən sonra yaranıb.

Ümid edək ki, ABŞ-nin gizli məsləhətləşmələri qəhrəmancasına düşmənə qarşı mücadilə aparan Ukrayna xalqının başında “çatlamayacaq”.

Xatirə SADİQ