Rusiya Paşinyanı devirir: Ermənistanın yeni baş naziri kim olacaq?backend

Rusiya Paşinyanı devirir: Ermənistanın yeni baş naziri kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Ermənistanda Baş nazir Nikol Paşinyanın devriləcəyi ilə bağlı yayılan məlumatlarda məhz Rusiyanın adı hallanır. Bu isə o deməkdir ki, hakimiyyətə Qarabağ ermənilərinə yaxın olan şəxslərdən biri gələ bilər. Lakin bu, şərt deyil ki, Serj Sarkisyan, yaxud Robert Koçaryan yenidən iqtidara gəlsinlər. Bu şəxs Sarkisyan-Koçaryan cütlüyünə yaxın olan daha gənc namizədlərdən biri ola bilər”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.

Analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın son dönəmlər Rusiyaya qarşı səsləndirdiyi sərt açıqlamalar fonunda Kremlin İrəvandakı hakimiyyəti devirməsi ehtimalından söz açıb.

Siyasi təhlilçi söyləyib ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Paşinyanın hakimiyyətdən gedib, əvəzinə, Rusiya meylli şəxsin hakimiyyətə gəlməsi sözsüz ki, Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Qarabağ ətrafında baş verənlərə kifayət qədər ciddi şəkildə təsir göstərəcək:

“Nəzərə alaq ki, Ermənistan və Rusiya arasındakı olan soyuq münasibətləri son 5 ildə öz lehimizə istifadə etməyi bacarmışıq. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Baş nazir Nikol Paşinyanın Qarabağla və Azərbaycanla bağlı baxış bucağı həmin revanşist qüvvələrin baxış bucağından kifayət qədər ciddi şəkildə fərqlənir. Bunu etiraf etmək lazımdır”.

Müsahibimiz qeyd edib ki, Nikol Paşinyanın xətti Levon Ter-Petrosyan və onun vaxtında hakimiyyətdə olmuş şəxslərin xətti ilə daha çox uzlaşır:

“Çünki həm Türkiyə ilə münasibətlər, həm Ermənistanın gələcəyilə bağlı baxışları Ermənistan parlamentindəki müxalifət düşərgəsindən daxili və xarici siyasət baxımından fərqlənir. Lakin Paşinyanın devrilməsi ehtimalı həqiqətən mövcuddur. Çünki Paşinyanın sonuncu demarşları, həyat yoldaşı Anna Akopyanın Kiyevə getməsi, Ermənistanla ABŞ arasındakı hərbi təlimlər onu deməyə əsas verir ki, Rusiya ola bilsin ki, bundan sonra gözləməyəcək və Paşinyanın nazı ilə oynamayacaq”.

Z.Məmmədova görə, burada digər məsələ isə ondan ibarətdir ki, Rusiya çox yaxşı bilir ki, Nikol Paşinyanın hakimiyyətdən getməsi və iqtidara Sarkisyan-Koçaryan cütlüyünün siyasi xəttini davam etdirən birisinin gəlməsi bölgədə yeni müharibə, eləcə də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının sıfırlanması və görüşlərin keçirilməməsinə gətirib çıxaracaq ki, hazırda da Rusiyaya bu, lazım deyil:

“Rusiya Ukraynadakı müharibə fonunda Nikol Paşinyana qarşı kifayət qədər səbirlə yanaşır. Bu səbrin də ən əsas səbəbi məhz bununla bağlıdır ki, onlar Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasını istəmirlər. Ən pis halda Paşinyan devrilsə belə, ruslar bunu incə şəkildə edə bilərlər və onlar Ermənistanda Koçaryan-Sarkisyan cütlüyündən birini yox, əksinə, daha neytral imici olan və müharibədə iştirak etməmiş şəxslərdən birini hakimiyyətə gətirə bilər”.