Rusiyadan Türkiyə tankerinə hücumun PƏRDƏARXASI: Texniki səhv, yoxsa siyasi mesaj?backend

Rusiyadan Türkiyə tankerinə hücumun PƏRDƏARXASI: Texniki səhv, yoxsa siyasi mesaj?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın İzmail sahillərində Türkiyə bayrağı altında üzən təxminən 4 min ton maye qaz daşıyan tanker Rusiyaya məxsus PUA tərəfindən vurulub. Hadisə zamanı gəmidə olan 16 nəfər texniki heyət vaxtında təxliyə edildiyindən insan tələfatı qeydə alınmayıb.

Maraqlıdır, Rusiya bu hücumu “texniki səhv” kimi təqdim edəcək, yoxsa siyasi mesaj kimi başa düşülə bilər?

Mövzuya politoloq Əli Mustafa NOCOMMENT.az-a münasibət bildirib.

“Hazırda iki ölkə arasında bir insidentlər seriyası müşahidə olunur. Gürcüstanda Türkiyə təyyarəsinin qəzaya düşməsi, indi isə Qara dənizdə türk gəmisinin vurulması fonunda Rusiya hələlik rəsmi mövqe açıqlamayıb. Məlumatlar göstərir ki, İzmail limanında vurulan gəmi Rusiyaya məxsus pilotsuz uçuş aparatı tərəfindən hədəfə alınıb”.

Əli Mustafa

Ekspert qeyd edib ki, hücumun eyni gün Rusiyanın Odessanın enerji sisteminə endirdiyi zərbələrlə üst-üstə düşməsi Moskvanın məsuliyyətini gücləndirən əlavə dəlillər yaradır:

“Rusiya bunu “texniki səhv” kimi təqdim etməyə çalışa bilər. Lakin bütün hallarda bu, xoş hal deyil. Türkiyənin ardıcıl şəkildə Rusiya tərəfindən hədəfə alınması Moskvanın Ankaranın gücünü önəmsəməməsi kimi qiymətləndirilə bilər və bu, yaxşı nəticələr vəd etmir”.

Əli Mustafa həmçinin hadiənin Rumıniyada da gərginlik yaratdığını bildirib:

“Gəmi vurulduğu anda partlayış riski böyük olduğu üçün Rumıniyanın yaxın ərazilərindən insanların təxliyə edildiyi, müəyyən təhlükəsizlik tədbirlərinin görüldüyü məlumdur”.

Politoloqun sözlərinə görə, bu kimi insidentlər davam edərsə, belə bir təsəvvür formalaşa bilər ki, Rusiya məqsədli şəkildə Türkiyə ilə gərginliyi artırmağa çalışır.

Aynurə İsmayıl