Rusiyanın oyunu: Bu mitinq həm də Paşinyana edilən xəbərdarlıqdırbackend

Rusiyanın oyunu: Bu mitinq həm də Paşinyana edilən xəbərdarlıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndidəki etiraz aksiyasının təşkil olunmasının zamanına diqqət etmək lazımdır. Çox maraqlıdır ki, Soçi görüşü öncəsi belə bir etiraz dalğası yaratmaqla, əslində, Rusiya həm özünün, həm də Ermənistan hökumətinin müəyyən mənada Qarabağla bağlı mövqelərini gücləndirmək və Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq istəyir. Səbəb budur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Natiq Miri ötən gün Xankəndidə separatçı rejim tərəfindən təşkil olunmuş etiraz aksiyasına münasibət bildirərkən deyib.

Analitikin sözlərinə görə, bunun texniki tərəfi bu mitinqə yığışacaq insanların təşkil olunmasıdır ki, bu da o qədər də böyük bir problem yaratmır: “Yəni nə qədər canlı qüvvə varsa, terrorçu, qeyri-terrorçu, Ermənistana ordusuna məxsus əsgərlər, eyni zamanda rus sülhməramlıları və Ermənistandan gələn insanları Qarabağa cəlb edə bilərlər. Yəni bu, məsələnin texniki tərəfidir və bu, o qədər də əhəmiyyətli tərəf sayılmır. Əsas olan Rusiya və Ermənistanın bu məsələdə niyyətidir.

O ki qaldı konkret bunun Azərbaycana qarşı olan təsir imkanlarına, bilirsiniz, bu məsələ Soçi görüşündən istifadə edərək ciddi şəkildə Rusiyanın qarşısına qoyulmalıdır. Niyə məhz Rusiyanın? Çünki Qarabağ məsələsi Ermənistanla müzakirə predmeti olacaq bir məsələ deyil.

Ona görə də Rusiya qarşısında konkret tələb qoyulmalıdır ki, Rusiya hansı haqla Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və gələcək sülh müqaviləsinin hazırlanması ilə bağlı hazırladığı sənəddə Qarabağa hansısa statusun verilməsi ilə əlaqəli bir bənd əlavə edib?! Bu ixtiyarı Rusiyaya kim verib?! Çünki ortada beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi var. Bu beynəlxalq hüquqda təsbit olunub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çalıb və kapitulyasiya sənədini Ermənistana məhz Rusiyanın əli ilə imzaladıb. Bundan beləsi isə texniki məsələdir”.

Siyasi şərhçi deyib ki, burada ən əsas Qarabağda olan ermənilərin Azərbaycana reinteqrasiyası məsələsi, habelə Azərbaycan idarəetmə orqanlarının tədricən ermənilərin yaşadığı ərazilərdə bərqərar olması kimi proseslərdən söhbət getməlidir: “Ən nəhayət, ermənilərlə birgə Xankəndi və digər ərazilərdə yaşayan azərbaycanlıların geri qayıtması məsələsi paralel şəkildə həll olunmalıdır. Hansı ki, 10 noyabr 2020-ci il sənədinə görə, Ermənistana qaçan Qarabağ erməniləriylə bağlı paralel olaraq azərbaycanlıların da geri qayıtması məsələsi koordinasiya olunmalıydı. Bu isə Rusiya ilə deyil, BMT-nin Qaçqınlarla bağlı Komissarlığıyla həll olunmalıydı ki, bu missiyanı da Rusiya tez-tələsik öz üzərinə götürdü. Bu, əslində, müddəanın çox kobud şəkildə pozulması idi.

Ona görə də bu məsələ Rusiya qarşısında ciddi şəkildə qoyulmalı, Rusiyanın verdiyi sənəd, ümumiyyətlə, qəbul olunmamalı və paralel olaraq konkret vaxt məhdudiyyəti qoyulmaqla Rusiyadan tələb olunmalıdır ki, bu zaman çərçivəsində Ermənistan qoşunları və separatçı rejimə bağlı terrorçular Qarabağdan çıxarılır, yaxud da ki, çıxarma hüququnu Azərbaycan ordusu özündə saxlayır. Qısacası, mütləq mənada məhdud vaxt çərçivəsi qoyulmalıdır. Hansısa gün, hansısa ay, tarix göstərilməlidir ki, bundan sonra Azərbaycan hərəkətə keçə bilsin. Əks təqdirdə, Qarabağdakı bu cür proseslər zəncirvari reaksiya olaraq, Azərbaycan üçün xoşagəlməz hadisələr yarada bilər. Bu, məsələni bir tərəfi”.

“Məslənin ikinci bit tərəfi odur ki, bir də Ermənistanda bu proseslərin təkrarlanması hadisəsini düşünün. Çünki “Valday” klubunda Rusiya prezidentinin çıxışında birmənalı olaraq, fikiraltı Nikol Paşinyana barmaq silkəliyişi var idi.

Yəni ABŞ sənədi qəbul olunacağı təqdirdə, Rusiyanın da Ermənistanın qəbul edəcəyi sənədlə razılaşacağıyla bağlı Putin fikir bildirmədi. Bu faktın özü də göstərir ki, o, Nikol Paşinyana barmaq silkəliyişi etdi. Məlum açıqlamadan sonrakı fikir isə davam etdirilmədi.

Bu həm Qarabağdakı, həm də Ermənistandakı ermənilərə bir xəbərdarlıq idi ki, Qarabağı artıq Azərbaycana satırlar. Dünən Qarabağda başlayan etiraz aksiyaları isə Nikol Paşinyana verilən bir xəbərdarlıqdır ki, bu proses Ermənistanda da inkişaf edə bilər. Əlbəttə ki, bu, Soçidəki danışıqların nəticəsindən asılı olacaq. Ona görə də dünənki etirazı bir də bu kontektsdə qiymətləndirmək lazımdır”, – deyə müsahib yekunlaşdırıb.