Hazırda məhbəsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili adının mülki əsirlər siyahısına salınması xahişi ilə Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
O, bildirib ki, Ukrayna prezidüntinə müraciət etmək məcburiyyətindədir, çünki ağır zəhərlənmədən müalicə aldığı həbsxana xəstəxanasından yenidən məhbəsə – onu zəhərləyən əməkdaşların yanına köçürülüb.
“Mənim zəhərlənməyim 2022-ci ilin martında genişmiqyaslı müharibə başlayandan qısa müddət sonra baş verdi. Amerika və Almaniya laboratoriyaları zəhərlənmə faktını müəyyənləşdirib. Əvvəlcədən mənə divan tutmağı Putin tələb etdi, Medvedev və Lavrov isə dəfələrlə həbsimlə lovğalandılar”, – Saakaşvili vurğulayıb.
Keçmiş prezidenti əlavə edib ki, onu qondarma ittiham üzrə həbs ediblər və Gürcüstanın o zamankı baş naziri birbaşa bildirib ki, bu iş onun Ukraynadakı fəallığı ilə əlaqədardır.
“Bu yaxınlarda mənə qarşı açılmış yeni cinayət işində məni başqaları ilə birlikdə xarici düşmən dövlətin xeyrinə təxribat törətməkdə ittiham edirlər. İş materiallarında sizin bəyanatlarınız, həmçinin Mixail Podolyakın açıqlamaları var. Yəni qeyri-legitim Gürcüstan hökuməti birbaşa Ukraynanı düşmən xarici dövlət elan edir. Bu təəccüblü deyil, çünki bu böyük müharibənin lap əvvəlindən rusiyalı oliqarx İvanişvili və onun əlaltıları açıq şəkildə Rusiyanın tərəfinə keçdilər”, – Saakaşvili əlavə edib.
Xatirə SADİQ













