Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
NOCOMMENT.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***16:52
Oktyabrın 29-da və 30-da Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Masallı şəhəri H. Əliyev prospektində yerüstü qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq, şəhərin bir hissəsi, Digah və Seybətin kəndləri də daxil olmaqla 3 200 abonentin qaz verilişi oktyabrın 29-da saat 10:00-dan işlər tamamlananadək dayandırılacaq.
Həmçinin Ləngan kəndində 1 000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi səbəbi ilə Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığınacaq kəndlərində 1 800-ə yaxın abonentin qaz təchizatı oktyabrın 30-da saat 10:00-dan işlər bitənədək dayandırılacaq.
***16:15
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu barədə NOCOMMENT.az -a “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, şəhərin “Yaşıl dərə” adlanan ərazisinin bir hissəsində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.
Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.













