Şagirdlərin əməyi ilə qazanılan pullar: Qanun xərclər barədə nə deyir?backend

Şagirdlərin əməyi ilə qazanılan pullar: Qanun xərclər barədə nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə görə, tədris prosesində və ya təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi olacaq.

Bəs bu qərar necə tənzimlənəcək? Hazırlanan materiallardan gələn gəlir hansı formada xərclənə bilər?

NOCOMMENT.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən, təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul ola bilər:

“Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Qərarı qanunun 41.1-ci maddəsi ilə təsbit olunmuş təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən edir.

Nazirlər Kabinetinin bu qərarına edilmiş 13 fevral 2024-cü il tarixli son dəyişiklik əldə edilmiş gəlirlərin şagirdlərlə bölüşdürülməsini və ya xərclənməsi mexanizmini deyil, təhsil müəssisəsinin əlavə gəlir əldə etməsi üçün icazə verilən sahibkarlıq fəaliyyəti növlərinin genişləndirilməsi və dəqiqləşdirilməsini ehtiva edir.

Həmin gəlirlərin xərclənməsi Nazirlər Kabinetinin 502 nömrəli 2017-ci il 17 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə, digər qanunvericilik aktlarına uyğun həyata keçirilir”.

Təhsil eksperti Elçin Süleymanov yeni qərarı Oxu.Az-a şərh edib.

O qeyd edib ki, qərara edilən dəyişiklik müsbət bir addımdır:

“Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onlara əlavə gəlir gətirir. Bu fəaliyyətlə əldə olunan gəlir təhsil kursu, idman məşqləri və sair sahələrə yönəldilməlidir. Qabaqcıl ölkələrdə bu təcrübə var.
Yəni onlarda bu cür gəlirlər, əsasən, universitetlərdə tədqiqatların maliyyələşdirilməsinə və təhsil müəssisəsinin inkişafına ayrılır. Beynəlxalq təcrübə deyir ki, sadəcə, universitetin gəliri, tələbə gəliri olmamalıdır. Eyni zamanda, kolleclər, orta təhsil müəssisələri də məsələni bu cür müəyyənləşdirə bilərlər”.

Ekspert deyir ki, bu məsələdə şəffaflıq əsasdır:

“Əldə olunacaq vəsaitin təyinatının hesabatlılığı və auditorun nəzarəti olmalıdır. Şagirdlərin, tələbələrin təhsilinə dəstək verəcək yöndə fəaliyyət olmalıdır. Eyni zamanda, bu vəsait təhsil və təhsilverənlərin inkişafına xidmət etməlidir”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin dördüncü maddəsinə görə, büdcədənkənar vəsaitlərin istifadə edilməsi qaydası aşağıdakı kimidir:

– Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün idarə və təşkilata onun müraciəti ilə xəzinədarlıq orqanlarında xəzinə hesabı açılır;

– Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir;

– İnzibati cərimələr və maliyyə sanksiyaları üzrə daxilolmaların qanunvericiliklə müəyyən edilmiş hissəsi ayda bir dəfə həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsini təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülür və bu daxilolmaların azaldılmasına aid edilir;

– Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetası əsasında təyinatı üzrə istifadə olunur. Xərc ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş müdafiə olunan xərc maddələri üzrə aparılır.