Dünən “şanlı” mediamız Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 14 noyabr 2005-ci il tarixində fətullahçı terror təşkilatının (FETÖ) lideri kimi tanınmış Fətullah Gülənə yazdığı məktubun üzə çıxmasını sensasiya kimi təqdim etməyə çalışdı.
Sənəddən məlum oldu ki, o zaman 80 yaşında olan şair nəvəsinin Bakıda fəaliyyət göstərən türk liseylərindən birində oxuduğuna, türk dilinin dünya miqyasında önəmli yer tutmasında bu liseylərin oynayacağı rola diqqəti cəlb etmiş və buna görə türk hesab etdiyi “can və qan qardaşına” Azərbaycan türkü olaraq nəzakətlə minnətdarlığını bildirmişdi.
Əlbəttə, poeziyası və milli duruşu ilə türk dünyasının fəxrinə çevrilmiş Bəxtiyar Vahabzadənin öz ahıl çağında – ömrünün sonuna 4 il qalmış dönəmdə ağlına belə gələ bilməzdi ki, liseyləri Türkiyə dövlətinin müraciəti əsasında fəaliyyət göstərən Fətullah Gülən tamamilə başqa məqsəd güdür. Əgər bunu və Fətullah Gülənin, ümumiyyətlə, erməni mənşəli Türkiyə vətəndaşı olduğunu bilsəydi, Gülənə qarşı çıxanlardan birincisi elə Bəxtiyar Vahabzadə olardı. Cəmiyyətimiz onun bu xüsusiyyətini Bakıdakı 20 Yanvar qırğını zamanı rus cəlladlarına qarşı münasibətində görmüşdülər.
Və bu gülməli məqam o vaxt baş verir ki, mediada hətta Türkiyədə artıq dövlət səviyyəsində Fətullah Gülənin maskasının yırtıldığı bir dövrdə onun müdafiəsinə qalxmış Qulu Məhərrəmliyə “güldən ağır” söz deyən yoxdur. Axı Güləni vaxtilə “mütəfəkkir, maarifçi filosof, barış və dialoq adamı, müsəlman dünyasının tərəqqisinə çalışan, mübarək ağızlı parlaq insan” kimi Azərbaycan cəmiyyətinə sırıyan, Qərbdə onun “Şərqin Mahatma Qandisi” adlandırıldığına diqqəti cəlb edən, onunla iki dəfə Türkiyədə (1992, 1998), bir dəfə Pensilvaniyada (2011) görüşən Qulu Məhərrəmli idi.
“O, artıq çoxdan öz ideyaları və məsləki uğrunda Qandisayağı mübarizə ilə bu adların hamısına layiq olduğunu sübut edib” və “Mən Güləndə Qəzzalinin, Mövlanənin, Fərabinin ruhunu duyuram” kimi fikirlər özünü uzun illər tanınmış jurnalist, siyasi icmalçı hesab edən Qulu Məhərrəmliyə məxsusdur. O, bunu müxtəlif illərdə müxtəlif kütləvi informasiya vasitələrində səsləndirirdi.
Türkiyədə artıq prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində “Pensilvaniyadakı zatın” ifşasına başlanıldıqdan sonra belə Qulu Məhərrəmli “onun timsalında Türkiyə üçün təhlükə görmürəm” iddiasını irəli sürürdü. Hətta “Türkiyədə gedən proseslərə adam təəssüflənir ki, 80 milyonluq Türkiyə bir adama qarşı dayanır. Bunun özündə də bir az ədalətsizlik var” fikri ilə Türkiyə cəmiyyətini ittiham etməyə çalışırdı.
“Türkiyə onu heç vaxt itirməz, sadəcə, itirə bilməz. Siz korrupsiya olayından qeyzlənmiş və impulsiv bəyanatlar verən hakimiyyət rəsmilərinə baxmayın. Türk cəmiyyəti və xalqın böyük əksəriyyəti Gülənə ehtiramla yanaşır, çünki o çoxdan insanların könüllərində özünə mənəvi abidə ucaldıb”, – deyə Qulu Məhərrəmli türk cəmiyyətinə “gülənkeş” tövsiyəsini verirdi.
Halbuki, özünü peşəkar jurnalist və siyasi icmalçı sayan adam elə 2000-ci illərin əvvəllərindən Türkiyənin müstəqil mediasında “gülən” təhlükəsi ilə bağlı dərc olunan ciddi araşdırmalardan xəbərdar olmalı idi. Həmin araşdırmaçıların əksəriyyəti gülənçilərin sayəsində zindanlara atılırdılar. Bu faktları bir balaca Türkiyə mediasını izləyən və “professor” olmayan bütün jurnalistlər bilirdilər. Əcəba, “burnundan uzağı görməyən”, insanlarda yanlış rəy yaratmağa cəhd edən Qulu Məhərrəmli kimi şəxsin özünü peşəkar jurnalist adlandırmağa haqqı çatırmı? Əlbəttə ki, yox.
Türkiyədə gülənçilərin tam məğlubiyyətindən sonra Qulu Məhərrəmlinin “Biz görsəydik ki, o, Türkiyənin düşmənidir, ondan nə müsahibə alarıq, nə də onun haqqında yaxşı danışarıq. O vaxt belə idi. Bundan sonra fikirləşərik” deməsi doğrudan da nonsens idi. Çünki peşəkar jurnalistlər cəmiyyətə təqdim edəcəkləri müsahiblə görüşdən öncə onun haqqında hər nüansı araşdırmalıdır. Bunu jurnalistdən cəmiyyət qarşısında məsuliyyət tələb edir.
Hələlik isə şanlı mediamız 2009-cu ildən dünyasını dəyişmiş və cavab vermək iqtidarında olmayan Bəxtiyar Vahabzadənin məktubunu “sensasiya” kimi üzə çıxarmağı özünə borc bilir. Amma həyatda olan, uzun illər ərzində FETÖ lideri barədə Azərbaycan ictinaiyyətində yanlış təsəvvür yaratmağa çalışmış, ondan hədiyyə qəbul etmiş Qulu Məhərrəmli kimi zatın 2022-ci ilin dekabrından Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasında müdir kimi çalışması faktına susur. Üstəlik, onu bəh-bəhlə “professor” kimi təqdim etməyi özünə şərəf bilir. Çünki onların əksəriyyəti bu cür xislətli zatın “şəyirdi”dir.
Murad İsgəndər













