Rusiyanın Sverdlovsk vilayətinin qeyri-rəsmi “smotryaşisi” sayılan kriminal avtoritet Marsel Həsənov (kriminal aləmdə Marsel Maxaçkalinski kimi tanınır) cinayət ierarxiyasında ali mövqeni tutmaq, hakimiyyət nümayəndəsini vəzifə başında publik təhqir etmək və təcridxana əməkdaşını zor tətbiqi ilə hədələməkdə təqsirli bilinərək 13 il ciddi rejimli koloniyada cəza alıb. Bundan əlavə, məhkəmə ona 1 milyon rubl cərimə kəsib.
NOCOMMENT.az xəbər verir ki, istintaq müəyyən edib ki, Həsənov uzun müddət kriminal qrupların maliyyə axınlarını — yəni “kassa”nı — nəzarətdə saxlayıb, “vor ənənələri”nin bölgədə qorunmasına nəzarət edib və bu qaydaların icrasını təşkil edib. O, müxtəlif qruplaşmalar arasındakı koordinasiyanı təmin edən əsas fiqurlardan biri kimi xarakterizə olunub.
Məhkəmə prosesində Həsənov özünü heç bir qruplaşmanın lideri kimi tanımadığını desə də, təqdim edilən sübutlar hökmün sərt olmasına səbəb olub. Hökm elan ediləndə zalda gərgin anlar yaşanıb. Belə ki, Həsənovun anası oğlunun günahsız olduğunu qışqıraraq etiraz edib və daha sonra emosional gərginlikdən huşunu itirərək yıxılıb.
Xatırladaq ki, Marsel Həsənovun kriminal ierarxiyada “taclandırılması” barədə məlumatlar 2024-cü ildə yayılmışdı.
O zaman keçirilən “sxodka”da onu şəxsən kriminal aləmin ən nüfuzlu simalarından biri olan Şakro Molodoy “vor v zakone” statusuna yüksəltmişdi. B
u hadisə onun regiondakı mövqeyini möhkəmləndirsə də, indi həmin status onun üçün ağır cəza ilə nəticələnib.














